Dünya Bankı torpaq və meşə ehtiyatlarından davamlı istifadə etməklə kənd yerlərində məşğulluğun artırılmasını və yoxsulluğun azaldılmasını hədəfləyir. Bu məqsədlə yaradılan “Livable Landscapes Academy” təşəbbüsü ölkələr arasında təcrübə mübadiləsini təşviq edəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, Keniyada yaşayan Mwandazi Kondo orta məktəbi bitirdikdən sonra ailəsinin dəniz yosunu yetişdirilməsi biznesinə qoşulub. Onun təsərrüfatı gündə 50–100 kiloqram məhsul verir. Kondo dəniz yosunlarını xam və emal olunmuş formada sataraq gəlir əldə edir.
Onun sözlərinə görə, məhsuldarlıq sabit olduqda yaxşı qazanc əldə etmək mümkündür. Bu fəaliyyət gənc qadının iqtisadi müstəqilliyini artırıb və gələcək planlarını genişləndirməsinə kömək edib.
Dünya Bankının təşəbbüsü təbii ehtiyatların qorunması ilə yanaşı, kənd təsərrüfatında yeni iş imkanlarının yaradılmasına və yerli əhalinin gəlirlərinin artırılmasına dəstək verməyi nəzərdə tutur.












