"Son günlər Bakıda və Azərbaycanın bir sıra bölgələrində dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi qaydalarının tətbiqi ilə bağlı müzakirələr aparılır. Yeni qaydaların əsas məqsədi məktəblərdə nizam-intizamı, bərabərliyi və vahid təhsil mühitini təmin etməkdir".

Bu fikirləri "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib.

A.Həsənovanın sözlərinə görə, yeni geyim qaydaları dövlət ümumi təhsil müəssisələrində vahid standartların tətbiqini nəzərdə tutur:

"Sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarına dəyişiklik edilib. Bu qaydalar məktəbli formasının vahidliyini, şagirdlər arasında sosial fərqlərin qabardılmamasını və təhsil müəssisələrinin dünyəvi xarakterinin qorunmasını nəzərdə tutur. Qaydaların bütün şagirdlərə eyni şəkildə tətbiqi məktəblərdə intizamın və idarəolunmanın möhkəmləndirilməsinə xidmət edir".

Aytən Həsənova bildirib ki, məktəbli geyimi ilə bağlı tələblər şagirdlər arasında bərabər imkanların qorunmasına yönəlib:

"Məsələ yalnız geyimlə bağlı deyil. Vahid forma şagirdlərin diqqətinin təhsilə yönəldilməsinə, məktəb mühitində bərabərliyin qorunmasına və uşaqlar arasında sosial ayrı-seçkiliyin qarşısının alınmasına imkan yaradır. Dövlətin müəyyən etdiyi qaydalar hər hansı dini və ya sosial qrupa qarşı yönəlməyib; məqsəd bütün şagirdlər üçün ümumi, aydın və ədalətli standart formalaşdırmaqdır".

Sədr vurğulayıb ki, dövlət məktəblərində təhsil prosesi dünyəvilik prinsipi əsasında təşkil olunmalıdır:

"Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip dini etiqad azadlığını qorumaqla yanaşı, dövlət məktəblərində ümumi təhsil qaydalarının vahid şəkildə tətbiqini də tələb edir. Məktəblər dini mübahisələrin deyil, bilik, tərbiyə və vətəndaşlıq dəyərlərinin formalaşdığı məkan olmalıdır".

A.Həsənovanın sözlərinə görə, qaydaların tətbiqi zamanı həm aidiyyəti qurumların, həm də valideynlərin üzərinə mühüm vəzifələr düşür:

"Təhsil hüququ hər bir uşağın əsas hüququdur. Buna görə də qaydaların tətbiqi zamanı məktəb rəhbərlikləri və aidiyyəti qurumlar valideynlərə və şagirdlərə lazımi izahat verməli, yaranan sualları qanunvericiliyə uyğun və təmkinli şəkildə cavablandırmalıdır. Eyni zamanda, valideynlərin də dövlətin müəyyən etdiyi məktəb qaydalarına hörmətlə yanaşması və uşaqların təhsil prosesindən kənarda qalmamasına diqqət yetirməsi vacibdir".

Aytən Həsənova qeyd edib ki, məktəblərdə vahid geyim standartlarının tətbiqi ümumi məsuliyyət anlayışının güclənməsinə töhfə verir:

"Vahid məktəbli geyimi cəmiyyətdə nizam-intizamın, bərabərliyin və ümumi məsuliyyətin möhkəmlənməsinə xidmət edir. Qaydaların məqsədi qarşıdurma yaratmaq deyil, bütün şagirdlər üçün eyni təhsil mühiti formalaşdırmaqdır".

Sədr diqqətə çatdırıb ki, təhsil mühitində əsas prioritet uşaqların rifahının və tədrisin keyfiyyətinin təmin olunmasıdır:

"Ən vacibi isə uşaqların təhlükəsiz, sakit və keyfiyyətli təhsil almasıdır. Dövlətin müəyyən etdiyi qaydaların ardıcıl və aydın tətbiqi məktəblərdə sabitliyin qorunmasına, təhsil prosesinin səmərəli təşkilinə və gələcək nəsillərin vahid vətəndaşlıq dəyərləri əsasında yetişməsinə imkan verəcək".