Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Afrika ölkələrində məcburi köçkünlərə, onları qəbul edən icmalara və dünya üzrə böhranlardan zərər çəkən insanlara dəstək üçün təxminən 710 milyon avro yardım elan edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, vəsaitin əsas hissəsi Sub-Sahara Afrikasına yönəldiləcək. Aİ miqrantların müdafiəsi, könüllü geri qayıdış, reinteqrasiya və məcburi köçkünlərə dəstək üçün 380 milyon avro ayıracaq.
Böyük Göllər regionunda sülh və sabitlik üçün 10 milyon avro, Konqo Demokratik Respublikasında Ebola ilə mübarizə üçün isə 7,5 milyon avro nəzərdə tutulub.
Humanitar yardımlar üçün əlavə 252 milyon avro ayrılması planlaşdırılır. Bunun 97 milyon avrosu Afrikaya, 103 milyon avro Fələstin və Livana, 52 milyon avro isə Ukraynaya yönəldiləcək.
Yeni maliyyələşmənin təsdiqindən sonra Avropa Komissiyasının 2026-cı ilin əvvəlindən humanitar yardıma ayırdığı vəsaitin 2,53 milyard avronu keçəcəyi bildirilir.












