Apple şirkətinin Apple Pay ödəniş xidməti Hindistanda Axis Bank ilə əməkdaşlıq çərçivəsində istifadəyə verilib. Bu, Apple Pay-in dünyanın ən böyük rəqəmsal ödəniş bazarlarından biri olan Hindistana ilk girişidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, ilkin mərhələdə Apple Pay yalnız Visa və Mastercard şəbəkələrinə aid Axis Bank kredit kartları ilə işləyəcək. Hindistanın yerli RuPay kartları isə hələlik dəstəklənmir.
İstifadəçilər kartlarını Apple Wallet və ya Axis Bank tətbiqi vasitəsilə əlavə edərək iPhone, Apple Watch və iPad ilə mağazalarda, tətbiqlərdə və internetdə ödəniş edə biləcəklər. Əməliyyatlar Face ID, Touch ID və ya cihazın şifrəsi ilə təsdiqlənəcək.
Axis Bank-ın məlumatına görə, Hindistanda 2026-cı ilin avqustunda 124 milyon kredit kartı olub və onların 16,3 milyonu bu banka məxsusdur. Apple həmçinin HDFC Bank və ICICI Bank ilə danışıqlar aparıb, lakin tərəflər hələ kommersiya razılaşmasına gəlməyib.
Hindistanda rəqəmsal ödənişlərin əsas hissəsini UPI sistemi təşkil edir. 2025-ci il IMF məlumatına görə, UPI rəqəmsal ödənişlərin 84 faizini təşkil edib.












