Hüquq və İnsan Haqları İnstitutunun “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təşkil etdiyi təlimlər çərçivəsində növbəti görüş sentyabrın 29-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün keçirilib.

Tədbirin açılışında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Hüquq və kadr məsələləri sektorunun müdiri Laiqə Hidayətova çıxış edərək qeyd ediblər ki, müvafiq sahədə qanunvericiliyin tələblərinin dərindən öyrənilməsi və onların fəaliyyət zamanı düzgün tətbiq olunması işin səmərəliliyinin artırılması, hüquqi prosedurların düzgün icrası və mümkün risklərin qarşısının alınması baxımından xüsusi önəm daşıyır. Həmçinin əməkdaşların hüquqi maarifləndirilməsinin davamlı xarakter daşımasının və qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı biliklərin mütəmadi olaraq yenilənməsinin vacibliyini diqqətə çatdırıblar.

Təlimdə İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı mülkiyyət hüququna İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşması, Avropa Konvensiyası çərçivəsində mülkiyyətin müdafiəsinin əsas prinsipləri və məhkəmənin bu sahədə formalaşdırdığı hüquqi mövqelər diqqətə çatdırılıb.

Xüsusilə mülkiyyət hüququnun məhdudlaşdırılmasının hansı hallarda əsaslandırılmış hesab edilə biləcəyi və dövlətin müdaxiləsi zamanı ədalətli balansın necə təmin edilməli olduğu məsələləri praktiki nümunələr əsasında izah olunub.

Təlim zamanı mülkiyyətçinin hüquqlarının müdafiəsi üçün milli qanunvericilikdə nəzərdə tutulan əşya-hüquqi, öhdəlik-hüquqi və digər müdafiə vasitələri də nəzərdən keçirilib.

Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.