Qəlbi Azərbaycan sevgisi ilə döyünən, ömrünü Türk Dünyasının birliyi, qardaşlığı və müasirliyi yolunda fövqəladə fədakarlıqla çalışan Qənirə Paşayeva üç il əvvəl dünyasını dəyişib. Bu itki yalnız Azərbaycanda deyil, bütün Türk Dünyasında dərin kədər hissi ilə qarşılanıb. O, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü, Azərbaycan parlamentinin Mədəniyyət komitəsinin sədri, siyasətçi, həkim, hüquqşünas, jurnalist və yazıçı olub.
Qənirə Paşayeva Azərbaycan və Türk Dünyasının sönməyən ulduzu, qardaşlığın və birliyin yorulmaz müdafiəçisi idi. Onun qəlbi Türk birliyi üçün döyünür, gördüyü işlər hər birimiz üçün ilham mənbəyi olurdu. O, eyni zamanda fəal ictimai xadim kimi beynəlxalq arenada türk xalqının hüquqlarını müdafiə etməkdən heç vaxt çəkinmir və hər cür haqsızlığa qarşı cəsarətlə mübarizə aparırdı. Ömrü boyu Azərbaycan və Türk Dünyası naminə çoxsaylı layihələrdə iştirak edib. Bu məqsəd uğrunda atmadığı addım yox idi.
Qənirə Paşayevanı dəyərli edən onun xeyirxahlıq və sevgi ilə dolu qəlbi, vətənpərvərliyi, gülərüzlülüyü, mərdliyi və zəhmətkeşliyi kimi mənəvi keyfiyyətləri ilə yanaşı, ömrünü Qarabağ məsələsinə, Türk Dünyasının rifahına və problemlərinin həllinə həsr etməsi idi. O, əlinin çatdığı, gücünün yetdiyi, nəfəsinin yetişdiyi hər yerdə Türk Dünyası üçün çalışan, zəhmət çəkən, qaçan, danışan, istehsal edən, “fəqətsiz”, “amasız”, “niyə-siz”, şərtsiz sevən siyasətçi və mütəfəkkir idi.
Qənirə Paşayeva yalnız siyasətçi və deputat deyil, həm də bir xalqın səsi olmağı özünə vəzifə bilən öncül şəxsiyyət idi. Azərbaycanın beynəlxalq arenada haqlı səsini duyurmağı və ölkəsinin maraqlarını müdafiə etməyi həyatının əsas məqsədlərindən birinə çevirmişdi. Həm deputat, həm də mədəniyyət elçisi kimi Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq və Türk Dünyasının ortaq dəyərlərini qorumaq üçün böyük fədakarlıqla çalışıb.
O, Qarabağ məsələsini vicdan və insanlıq məsələsi kimi müdafiə edir, Azərbaycanın haqlı mübarizəsini beynəlxalq arenada cəsarətlə dilə gətirirdi. Bununla yanaşı, Türk Dünyasının birliyi və əməkdaşlığı istiqamətində də mühüm layihələrə imza atıb. Türk xalqları arasında qardaşlıq əlaqələrinin gücləndirilməsi və mədəni əməkdaşlığın artırılması məqsədilə müxtəlif tədbirlərdə və layihələrdə fəal iştirak edib. Türk Dünyasının ortaq maraqlarını beynəlxalq arenada müdafiə edərək, bu coğrafiyanın səsinin daha gur şəkildə eşidilməsi üçün çalışıb.
Qənirə Paşayeva Türk Dünyası üçün hər zaman ilham mənbəyi olub və gələcək nəsillər üçün böyük nümunədir. Bütün türk dövlətlərində tanınan, bilinən və sevilən Qənirə Paşayevanı bir gün Ərzurumda Nənə Xatunun əziz xatirəsini yaşadarkən, başqa bir gün Kərkükdə türkmənlərin davasına baş qoyarkən, digər bir gün isə Qazaxıstanda Abay Kunanbayın nəsihətlərini dinləyib Bakıya apararkən görə bilərdiniz.
“Kərkükün Mənəvi Qızı Qənirə Paşayeva” kitabının təqdimatı keçirilib
Qənirə Paşayevanın vəfatının üçüncü ildönümü münasibətilə Ankarada geniş anım proqramı təşkil olunub. Anma proqramının diqqət çəkən hissələrindən biri də Kərkük Mədəniyyət Dərnəyinin sədri, doktor Şəmsəddin Küzeci tərəfindən hazırlanan “Kərkükün Mənəvi Qızı Qənirə Paşayeva” adlı kitabın təqdimatı olub.
Kitabda Qənirə Paşayevanın Türk Dünyasına yönəlmiş fəaliyyəti, İraq türkmənlərinə və xüsusilə Kərkükə göstərdiyi yaxın diqqət, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsindəki fəaliyyəti, eləcə də soydaşlıq və qardaşlıq əlaqələrinin gücləndirilməsinə yönəlmiş xidmətləri əks olunub.
Dr. Şəmsəddin Küzeci kitabı hazırlamaqda məqsədinin Qənirə Paşayevanın Kərkük və İraq türkmənlərinə olan mənəvi bağlılığını, Türk Dünyası üçün gördüyü işləri və geridə qoyduğu dəyərli irsi gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.
Kitabda Qənirə Paşayevanın Kərkük səfərləri, türkmən icmasına yönəlmiş fəaliyyəti və Kərkükə duyduğu sevgi ilə bağlı məlumat və fikirlərlə yanaşı, onun Türk Dünyasındakı yeri və şəxsiyyəti müxtəlif aspektlərdən araşdırılıb.
Təqdimat zamanı çıxış edən Küzeci Qənirə Paşayevanın yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının ortaq dəyərlərindən biri olduğunu bildirib. O, “Kərkükün Mənəvi Qızı” ifadəsinin Qənirə Paşayevanın Kərkükə, Kərkük türkmənlərinə və Türk Dünyasına göstərdiyi səmimi marağın ifadəsi olduğunu qeyd edib.
“Kərkükün Mənəvi Qızı Qənirə Paşayeva” kitabının Paşayevanın xatirəsinin yaşadılması və onun Türk Dünyasına qoyduğu mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əsər olduğu vurğulanıb. Proqramda kitabın təqdimatından sonra iştirakçılara əsər haqqında məlumat verilib və kitab böyük maraqla qarşılanıb.
“Qənirə Paşayeva İraq türkmənlərinin haqlı davasını hər platformada müdafiə edib”
Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasını İraqda ağır şəraitdə yaşamağa məcbur olan türkmənlərə dəstək verməyə çağırıb. O, Avropa dövlətlərini türkmənlərin problemlərinin həlli istiqamətində addımlar atmağa dəvət edib.
Paşayeva Avropa Şurası Parlament Assambleyasındakı çıxışında belə deyib:
“Parlamentinizdə İraqda yaşayan milyonlarla türkmənin səsini, onların yaşadıqları dəhşətləri sizə çatdırmaq və çağırış etmək üçün iştirak edirəm. İraqda yaşayan türkmənlər mənə üzərində türkmənlərin şəhid qanı olan bayraq göndərmişdilər. Onlar səslərinin burada sizə çatdırılmasını istəyirlər. Mən də türkmənlərin səsinin, çağırışının burada eşidilməsini istəyirəm və sizə səslənirəm.
Bölgədə baş verən hadisələr onsuz da vəziyyəti ağır olan türkmənlərin durumunu daha da çətinləşdirib. Yüzlərlə türkmən qətlə yetirilib. Çox sayda insan girov götürülüb, minlərlə insan bölgədəki ağır vəziyyət səbəbindən evini tərk etmək, köç etmək məcburiyyətində qalıb. Evini, sağlamlığını, işini itirən türkmənlərin sayı minlərlədir və türkmənlər Avropa Şurasını onlara dəstək olmağa, yardım göstərməyə çağırırlar.
Etnik kimliyindən və dini inancından asılı olmayaraq, biz zülmdən əziyyət çəkən hər kəsin səsini eşitməli və onlara dəstəyimizi göstərməliyik.”
Kərkük Mədəniyyət Dərnəyinin İdarə Heyətinin sədri Şəmsəddin Küzeci bildirib:
“Qənirə Paşayeva həm Türk Dünyasını, xüsusilə də İraq türkmənlərini hər platformada müdafiə edən və dəstəkləyən qəhrəman bacımız idi, həm də Azərbaycanın mühüm siyasətçilərindən biri kimi Azərbaycanın adını qızıl hərflərlə tarixə yazdırmağa çalışıb”.
İraq Türkmən Birliyi və Həmrəylik Dərnəyinin sədri Dr. Kürşat Çavuşoğlu isə deyib:
“Qənirə Paşayeva getdiyi hər yerdə, hər platformada İraq türklərinin səsi olub, türkmən milli davasının Azərbaycan və Türk Dünyasında tanıdılması üçün böyük səy göstərib. Paşayeva Avropa Şurası Parlament Assambleyasını İraqda ağır şəraitdə yaşamağa məcbur olan türkmənlərə dəstək verməyə çağırmışdı.
İraq türkləri Qənirə Paşayevanın türkmən milli davası və Türk Dünyası üçün apardığı dəyərli mübarizəni heç vaxt unutmayacaq. Qənirə Paşayevanın vəfatı yalnız Azərbaycan üçün deyil, bütün türk milləti üçün böyük itkidir. Ona vəfa borcumuz var. Məkanı cənnət, ruhu şad olsun”.
Qənirə Paşayeva hər zaman hörmətlə anılacaq bir şəxsiyyətdir. Onun həyatı, şəxsiyyəti, Türk Dünyası üçün etdiyi fədakarlıqlar və Türk Dünyasına həsr olunmuş ömrü daim hörmət və minnətdarlıqla xatırlanacaq.
Məkanı cənnət, ruhu şad, qəbri nurla dolsun.
İraq Türkmən Jurnalistlər Cəmiyyətinin Xarici Əlaqələr üzrə məsul şəxsi
Dr. Kürşat Çavuşoğlu












