Sosial şəbəkələrdə fal baxdığını, gələcəyi gördüyünü və cadu təmizlədiyini iddia edən şəxslərin paylaşımları son vaxtlar diqqət çəkir. Bu şəxslər müxtəlif xidmətlər təklif edir, izləyicilərinə isə həyatlarında baş verən problemlərlə bağlı fərqli vədlər verirlər. Lakin bu cür xidmətlərin həqiqiliyi və insanlara təsiri sosial şəbəkə istifadəçiləri arasında suallar yaradır. Xüsusilə böyük izləyici kütləsinə sahib olan bəzi şəxslərin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs falçılıq və cadu təmizləmə adı ilə təqdim olunan bu xidmətlərə dini baxımdan necə yanaşmaq lazımdır?

Mövzu ilə əlaqədar ilahiyyatçı Ağa Hacıbəyli QHT.az-a açıqlama verib:

"Müxtəlif falçılar, sehrbazlar və bu işin dəllalları müxtəlif forma və modellərdən istifadə edərək insanları aldatmağa, qorxutmağa və müxtəlif yollarla onların əllərindəki pulları mənimsəməyə cəhd göstərirlər. Falçılıq yeni ortaya çıxmış bir şey deyil. Bunun tarixi çox qədim dövrlərə gedib çıxır. Keçmişdə ulduzlara baxaraq, müxtəlif formalarda suya baxaraq gələcəyi müəyyənləşdirdiyini iddia edən şəxslər olub. Onlar müxtəlif üsullardan istifadə etməklə insanları manipulyasiya edib aldadır, əllərində olan vəsaitləri mənimsəyirlər. Bunu isə insanlara kömək etmək, problemlərinə çarə tapmaq kimi təqdim edirlər. əvvəlcədən hazırlanmış bir çox səhnələr var. Özlərini qeyri-adi bacarığa malik insanlar kimi təqdim edən şəxslər müxtəlif yerlərdə, evlərdə əvvəlcədən hazırlanmış və razılaşdırılmış şoular nümayiş etdirirlər. Bəzi hallarda isə həmin səhnələrin hazırlanması üçün müəyyən məbləğdə pulların verilməsi ehtimalı da var".

İlahiyyatçının sözlərinə görə, onların heç bir qeyri-adi bacarığı yoxdur. Onlar elm və təhsil görməmiş, müəyyən mənada mərifətdən uzaq insanlardır:

" İnsanların çarəsiz vəziyyətindən istifadə edərək onların pullarına göz dikirlər. Bəzən müxtəlif problemlərlə üzləşən, çarəsiz qalan sadə insanlar onların qapısını döyəndə, bir növ şou göstərir və həmin şəxsləri qorxudurlar. Odur ki, belə insanlara kart məlumatlarını, hesab məlumatlarını və digər şəxsi məlumatları ötürmək böyük riskdir. Onlar istənilən vaxt həmin vəsaitlərə çıxış əldə edə bilərlər. Eyni zamanda, insanların adlarından istifadə edərək onlara qarşı müxtəlif şantaj və hədə-qorxu vasitələrindən istifadə edə bilərlər. Bir çox insanlar da var ki, qorxduqları üçün səsini çıxarmır və elə düşünürlər ki, həmin şəxslər, həqiqətən də, hansısa qeyri-adi gücə malikdirlər. Lakin onların heç bir qeyri-adi gücü yoxdur. Onlar sadəcə şou göstərirlər. Heç kim belə insanlardan qorxmamalı və çəkinməməlidir. Əgər kimsə belə şəxslər tərəfindən zərər görürsə, mütləq onların çirkin əməllərini üzə çıxarmalıdır ki, cəmiyyət onları tanısın və digər insanlar da onlardan uzaq dursun".

A.Hacıbəylı əlavə edib:

"İslam dininə görə, ümumiyyətlə, belə insanlara inanılmır və etibar edilmir. Onların fəaliyyəti də qəbul edilmir. Çünki onlar öz alın tərləri və halal zəhmətləri ilə qazanc əldə etmirlər, insanların çarəsizliyindən və inamından istifadə edərək pul qazanırlar".

Fatimə Məmmədova