Almaniya Nazirlər Kabineti səhiyyə xərclərinin azaldılması və sağlam qidalanmanın təşviqi məqsədilə şəkərli içkilərə vergi tətbiqini nəzərdə tutan qanun layihəsi layihəsini təsdiqləyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Almaniya Maliyyə Nazirliyinin məlumatına görə, yeni verginin 1 iyul 2027-ci ildən qüvvəyə minməsi planlaşdırılır. Qurumdan bildirilib ki, həddindən artıq şəkər istehlakı piylənmə, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və diş çürüməsi riskini artırır. Şəkərli içkilərin istehlakı ilə əlaqədar illik səhiyyə xərclərinin təxminən 2,1 milyard avro olduğu bildirilir.
Yeni vergi sistemi iki pillədən ibarət olacaq. Belə ki, 100 millilitrində 5–8 qram şəkər olan içkilərin hər litrinə 26 avro sent, şəkərin miqdarı 8 qram və daha çox olan içkilərin hər litrinə isə 32 avro sent vergi tətbiq ediləcək.
Tənzimləmənin kola, qazlı şirin içkilər, şəkərli meyvə içkiləri, soyuq çaylar, enerji içkiləri və şəkərli şərbətləri əhatə etməsi nəzərdə tutulur. Saf meyvə və tərəvəz şirələri, müəyyən alternativ içkilər və bəzi digər məhsullar vergidən azad ediləcək.
Verginin istehsalçılar və ya topdansatış şirkətləri tərəfindən ödənilməsi planlaşdırılır. İllik istehsal həcmi 70 min litrə qədər olan kiçik və müstəqil istehsalçılar üçün güzəşt nəzərdə tutulur. İstehsal həcmi 1 milyon litrə qədər olan müəssisələrə əlavə güzəştlərin tətbiqi də planlaşdırılır. Bunun üçün Avropa Komissiyasının razılığı tələb olunur.
Almaniya hökuməti yeni vergi vasitəsilə 2027-ci ildə 690 milyon avro, 2028–2031-ci illərdə isə hər il orta hesabla 875–890 milyon avro əlavə gəlir əldə etməyi gözləyir. Vergidən əldə olunan vəsaitin qanuni tibbi sığorta sisteminin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Qeyd: Vergi ilə bağlı qanun layihəsinin qüvvəyə minməsi üçün qanunvericilik prosedurlarının tamamlanması tələb olunur.











