Süni intellekt şirkəti OpenAI ABŞ-ın San-Fransisko şəhərində yerləşən ofislərindən birində gizli səs yazma cihazının aşkarlandığını açıqlayıb. Hadisə ilə əlaqədar şirkətin əməkdaşlarından birinin saxlanıldığı bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, NTV-nin Reuters-ə istinadən verdiyi məlumata görə, ChatGPT-nin yaradıcısı olan şirkət dinləmə cihazının əməkdaşlardan biri tərəfindən ofisə yerləşdirildiyini müəyyən edib və hadisə barədə ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verib.

Şirkət cihazın texniki xüsusiyyətlərini və mənşəyini araşdırmaq üçün öz süni intellekt modellərindən də istifadə etdiyini bildirib.

Aparılan araşdırma nəticəsində cihazın aşkar edilməsindən bir neçə gün əvvəl əməkdaşlardan biri tərəfindən yerləşdirildiyi müəyyən olunub.

Hadisə ilə bağlı araşdırmanın digər təfərrüatları barədə əlavə məlumat verilməyib.