2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu müddət ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq mövqelərini möhkəmləndirib və müasir tarixinin ən əlamətdar hadisələrindən birini – ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını gerçəkləşdirib. Ötən dövr ölkənin inkişafı, regional proseslərdə artan rolu və Türk dünyası ilə əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri QHT.az-a açıqlamasında siyasi şərhçi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.

Nadir Azəri qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyətinin ən mühüm tarixi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasıdır. Onun sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində suverenliyin ölkənin bütün ərazisində təmin edilməsi Azərbaycan tarixində yeni mərhələnin əsasını qoyub.

“Bu tarixi nəticənin arxasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Azərbaycan Ordusunun gücü, dövlətimizin hərbi-siyasi hazırlığı və uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasət dayanır”, – deyə Nadir Azəri vurğulayıb.

Siyasi şərhçi bildirib ki, son 23 ildə Azərbaycanın iqtisadi və infrastruktur imkanları da əhəmiyyətli dərəcədə genişlənib. Yol və körpülərin, enerji obyektlərinin, təhsil və səhiyyə müəssisələrinin tikintisi, nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişafı ölkənin yenilənməsinə təkan verib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat əlaqələrində rolunu artırıb.

Nadir Azəri Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsini də ötən dövrün mühüm nəticələrindən biri kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycanın 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması ölkənin diplomatik tarixində əlamətdar hadisədir. 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik isə Azərbaycanın çoxtərəfli diplomatiyada fəal iştirakını nümayiş etdirib. Eyni zamanda, beynəlxalq sammitlərin, forumların və konfransların ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınmasına töhfə verib.

Nadir Azəri Türk dünyası ilə əlaqələrin inkişafına da xüsusi diqqət çəkib. O bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi və ortaq layihələrin genişlənməsi inteqrasiya prosesləri üçün yeni imkanlar yaradıb.

“Bu gün Türk dünyası ilə əməkdaşlıq tarixi və mədəni yaxınlıqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, logistika, təhsil, media və informasiya təhlükəsizliyi kimi sahələri də əhatə edir. Azərbaycanın bu proseslərdə fəal iştirakı həm milli maraqlarımıza, həm də Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”, – deyə CASCFEN sədri qeyd edib.

O, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın dərinləşməsini də strateji əhəmiyyətli istiqamət adlandırıb. Bildirib ki, ortaq tarixi-mədəni köklər və qarşılıqlı maraqlar siyasi dialoqun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, enerji əməkdaşlığının inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə Orta Dəhlizin imkanlarından səmərəli istifadə və humanitar əlaqələrin gücləndirilməsi bu münasibətlərin gələcək inkişafında mühüm rol oynayır.

Nadir Azərinin fikrincə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi ilə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin dərinləşməsi bir-birini tamamlayır. Bu proseslər region ölkələrinin iqtisadi və tranzit imkanlarını artırmaqla yanaşı, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətini də gücləndirir.

CASCFEN sədri sosial və humanitar sahələrdə görülən işlərə də toxunub. O bildirib ki, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr, sosial infrastrukturun yenilənməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ölkənin inkişaf gündəliyində mühüm yer tutur.

Siyasi şərhçi sonda vurğulayıb ki, ötən 23 il Azərbaycanın müasir tarixində mühüm dəyişikliklər və tarixi nailiyyətlərlə yadda qalıb.

“Qarşıdakı mərhələdə əsas məqsəd əldə olunan nailiyyətləri davamlı inkişafa çevirmək, iqtisadi potensialımızı gücləndirmək, vətəndaşlarımızın rifahını daha da yüksəltmək və Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməkdir”, – deyə Nadir Azəri fikrini yekunlaşdırıb.