"Cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda, həm qeyri-neft sektorunda, həm də iqtisadiyyatın digər sahələrində islahatların daha da dərinləşməsini müşahidə etmişik".

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov QHT.az-a açıqlamasında bildirib.

V.Bayramovun sözlərinə görə, son 23 ildə Azərbaycanın iqtisadi göstəricilərində ciddi artım qeydə alınıb:

"Azərbaycan iqtisadiyyatı son 23 ildə artım tempinə və ölkəyə daxil olan valyutanın həcminə uyğun olaraq genişlənib, bu müddət ərzində iqtisadiyyatımızın 4 dəfədən çox artdığını qeyd edə bilərik. Ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq investisiya cəlb olunub. İxrac və idxal əməliyyatlarının artması nəticəsində xarici ticarət dövriyyəsində 16 dəfədən çox artım qeydə alınıb. Eyni zamanda, dövlət büdcəsinin gəlirlərində də ciddi artımlar müşahidə olunub. Xüsusilə, qeyri-neft sektorundan daxilolmalar 24 dəfə artıb".

Vüqar Bayramov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkə üçün mühüm tarixi hadisədir:

"Təbii ki, bizim üçün vacib və tarixi əhəmiyyət daşıyan məqamlardan biri də torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır. Azərbaycan MDB məkanında münaqişəyə məruz qalmış ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini ilk bərpa edən ölkə oldu".

Deputat vurğulayıb ki, Azərbaycanın bütün ərazilərində dövlət bayrağının dalğalanması tarixi uğurun göstəricisidir:

"Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır. Bu, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın əldə etdiyi tarixi uğurlardan biridir".

Fatimə Nəbiyeva