Almaniyanın texnologiya və avtomobil təchizatçısı “Bosch” yarımkeçirici istehsalı sahəsində fəaliyyətini genişləndirməyə hazırlaşır. Şirkət çip biznesini ayrıca bölmə altında birləşdirərək 2030-cu ilə qədər bu sahədən illik 5 milyard avro gəlir əldə etməyi hədəfləyir.
QHT.az xarici mediaya istinadən bildirir ki, “Bosch” 2028-ci il yanvarın 1-dən etibarən yarımkeçirici istehsalı ilə bağlı fəaliyyətini “Semiconductors” adlı ayrıca bölməyə keçirəcək.
Yeni struktur şirkətdən müstəqil fəaliyyət göstərən ayrıca müəssisə olmayacaq. Avtomobillər üçün elektron idarəetmə bloklarının istehsalı isə əvvəlki kimi “Mobility Electronics” bölməsinin tərkibində qalacaq.
Robototexnika və süni intellekt bazarına çıxış
“Bosch”un yeni strategiyasının əsas məqsədi çip istehsalı imkanlarını avtomobil sənayesindən kənar sahələrə də genişləndirməkdir. Şirkət istehsal müəssisələrini xarici müştərilərin istifadəsinə açaraq sifariş əsasında çip istehsalı fəaliyyətini artırmağı planlaşdırır.
Yeni hədəf bazarlar arasında robototexnika, zavod avtomatlaşdırılması və süni intellekt məlumat mərkəzləri yer alır. Bununla yanaşı, şirkət smartfonlar və ağıllı geyilə bilən cihazlar kimi istehlak elektronikası bazarına da diqqət yetirəcək.
Məlumata görə, “Bosch”un istehsal etdiyi çiplər artıq insana bənzər robotların idarəetmə sistemlərində istifadə olunur.
Şirkət bu addımla yarımkeçirici bazarında mövqeyini gücləndirməyi, müştəri dairəsini genişləndirməyi və 2030-cu ilədək illik satış gəlirini 5 milyard avroya çatdırmağı planlaşdırır.








