“Financial Times” qəzetinin məlumatına görə, Microsoft Britaniyanın süni intellekt şirkəti Nscale-in milyardlarla dollar dəyərindəki təklifini rədd edib.
QHT.az xarici mediaya istinədən bildirir ki, məlumata əsasən, Microsoft Texas ştatındakı məlumat mərkəzində hesablama gücünün icarəsi ilə bağlı Nscale ilə mövcud müqaviləsinin həcmini iki dəfədən çox artırmaq imkanından imtina edib. Bununla da şirkət on milyardlarla dollar dəyərində ola biləcək potensial razılaşmadan geri çəkilib.
Bu qərar Microsoft-un Nscale-in İngiltərənin Esseks qraflığının Lafton şəhərində yerləşən əsas məlumat mərkəzi layihəsində iştirakdan imtina etməsindən bir neçə həftə sonra verilib. Layihənin gecikməsinə elektrik enerjisi şəbəkəsinə qoşulma ilə bağlı problemlər səbəb olub. Bu səbəbdən mərkəzin istifadəyə verilməsinin 2030-cu illərə qədər təxirə salınacağı gözlənilir.
Microsoft və Nscale məsələ ilə bağlı şərh verməkdən hələlik yayınıb.
Qeyd edək ki, Nscale-in süni intellekt hesablama gücünü “Claude” platformasının yaradıcısı “Anthropic” şirkətinə satmaq üçün danışıqlar apardığı bildirilir. Mümkün razılaşmanın dəyərinin təxminən 45 milyard dollar olduğu qeyd olunur.
Zəhra Mansırova








