Noyabrın 4-də Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayevin təqdim etdiyi göstəricilər ölkənin fiskal siyasətində mühüm dəyişikliklərin nəzərdə tutulduğunu göstərir.
2027-ci ilin əsas büdcə göstəriciləri:
• Gəlirlər: 39,25 milyard manat
• Xərclər: 42,4 milyard manat
• Büdcə kəsiri: 3,15 milyard manat
• Qeyri-neft-qaz gəlirləri: 23,8 milyard manat
• Vergi daxilolmaları: 18,4 milyard manat
• Neft Fondundan transfert: 11,9 milyard manat
Diqqətçəkən məqam büdcə gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorunun payına düşməsidir. Eyni zamanda, Dövlət Neft Fondundan transfertin 935 milyon manat azaldılması neft gəlirlərindən asılılığın zəiflədilməsi istiqamətində müsbət addımdır.
Digər mühüm hədəf 2027-ci ildə büdcənin cari xərclərinin 90,1 faizinin qeyri-neft-qaz gəlirləri hesabına qarşılanması, 2030-cu ildə isə bu göstəricinin 100 faizə çatdırılmasıdır.
Maliyyə nazirinin 2027-ci ildən yeni sosial islahat paketinin həyata keçirilməsi ilə bağlı açıqlaması da xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu islahatların əsas nəticəsi əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin artmasında özünü göstərməlidir.
İqtisadçı ekspert kimi qənaətim budur ki, növbəti mərhələdə əsas məqsəd yalnız büdcə gəlirlərini artırmaq deyil, dövlət vəsaitlərinin səmərəli istifadəsini, qeyri-neft iqtisadiyyatının inkişafını və ictimai maliyyə nəzarətini gücləndirmək olmalıdır.
Çünki büdcənin uğuru onun böyüklüyü ilə deyil, vətəndaşların rifahına və iqtisadi inkişafımıza verdiyi real töhfə ilə ölçülür.
İqtisadçı ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əyyub Kərimli








