Qadınlar müharibə tarixindən silinməyiblər – sadəcə hekayələri yazılmayıb

Müharibələr haqqında tarix kitablarında əsasən döyüşlərdən, hərbi əməliyyatlardan, komandanlardan və qazanılan qələbələrdən bəhs edilir. Lakin müharibənin başqa bir tərəfi də var – qadınların yaşadığı, çox vaxt səssiz qalan və tarixdə kifayət qədər əks olunmayan talelər.

Qadınlar müharibə tarixindən kənarda qalmayıblar. Onlar döyüş meydanında, hərbi hospitalda, səngərlərdə, dağıdılmış evlərdə, qaçqın və məcburi köçkün ailələrinin yanında, uşaqlarının yolunu gözləyən anaların ürəyində olublar. Bəziləri silaha sarılaraq Vətəni müdafiə edib, bəziləri yaralı əsgərlərin həyatını xilas edib, digərləri isə ailəsini, övladlarını və doğmalarını qorumaq üçün müharibənin bütün ağırlığını öz üzərinə götürüblər.

Qarabağ müharibəsi Azərbaycan qadınlarının həyatında silinməz izlər buraxdı.

Döyüş meydanında qadınlar
Azərbaycan qadınlarının Qarabağ müharibəsindəki rolu yalnız ailə üzvlərinin taleyini gözləməklə məhdudlaşmayıb. Birinci Qarabağ müharibəsi dövründə Vətənin müdafiəsinə könüllü qoşulan qadınlar hərbi hissələrdə xidmət edib, kəşfiyyat qruplarında, tibb bölmələrində, rabitə və təminat işlərində iştirak ediblər. Onların bəziləri birbaşa döyüş bölgəsində olub, təhlükəli şəraitdə hərbi qulluqçulara yardım göstəriblər.

Lakin müharibədən sonra bu qadınların bir çoxunun həyat hekayələri lazımi səviyyədə araşdırılmayıb. Onların döyüş təcrübəsi, üzləşdikləri çətinliklər, sağlamlıqlarına və ailə həyatlarına təsir edən hadisələr uzun müddət cəmiyyətin diqqətindən kənarda qalıb.

Vətən müharibəsi zamanı da qadınlar böyük fədakarlıq göstərdilər. Hərbi tibb işçiləri yaralı əsgərlərin həyatını xilas etmək üçün döyüş meydanında belə təhlükə qarşısında geri çəkilmədilər.

Arəstə Baxışova bunun unudulmaz nümunələrindən biridir. Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə döyüş bölgəsində yaralı hərbçilərə yardım göstərərkən həyatını itirdi. Onun qəhrəmanlığı qadınların Vətən müdafiəsindəki rolunun rəmzinə çevrildi.

Qadınlar arxa cəbhədə də böyük işlər gördülər. Könüllülər, tibb işçiləri, müəllimlər, sosial işçilər və sadə vətəndaşlar əsgərlərə yardım etdilər, ailələrə dəstək göstərdilər, ehtiyac içində olan insanlara əl uzatdılar. Çox zaman bu fəaliyyətlər böyük təbliğat olmadan, sadəcə insanlıq və Vətən sevgisi ilə həyata keçirilirdi.

Müharibənin görünməyən qurbanları – analar, həyat yoldaşları və övladlar
Müharibə qadınların həyatına yalnız cəbhədən gələn xəbərlərlə daxil olmur. Bəzən bir telefon zəngi, qapının döyülməsi, uzun müddət cavab verməyən telefon və ya pəncərədən yola baxmaq da qadının bütün həyatını dəyişə bilir.

Oğlunu əsgərliyə yola salan ana hər gün onun səsini eşitmək, sağ-salamat geri dönəcəyini bilmək istəyir. Hər gələn zəngdə ümid axtarır. Oğlunun səsini eşidəndə rahat nəfəs alır, xəbər gəlməyəndə isə min bir narahatlıq içində yaşayır.
Şəhid xəbəri alan ana üçün zaman sanki dayanır. Onun dünyasında əvvəlki həyatla sonrakı həyat arasında görünməyən bir sərhəd yaranır. Oğlunun otağı, paltarı, uşaqlıq şəkilləri, istifadə etdiyi əşyalar ana üçün əziz xatirəyə çevrilir. Ana hər gün övladının yolunu gözləməkdə davam edir, baxmayaraq ki, onun bir daha qapıdan içəri girməyəcəyini bilir.
Müharibədə həyat yoldaşını itirən qadınların taleyi də ayrıca bir ağrıdır. Onlar yalnız sevdikləri insanı itirmirlər, həm də uşaqlarını tək böyütmək, ailənin məsuliyyətini daşımaq, maddi və mənəvi çətinliklərlə mübarizə aparmaq məcburiyyətində qalırlar.
Bəzən gənc bir qadının bütün gələcəyi bir anda dəyişir. Toy günü, ailə qurmaq, övlad sahibi olmaq arzuları yarımçıq qalır. Nişanlısı Vətən uğrunda həlak olan gənc qız isə sevdiyi insanın yolunu gözləməklə keçirdiyi xatirələrlə yaşamağa məcbur olur. Bir vaxtlar toy hazırlığı görülən evdə sonradan kədər və sükut hökm sürür.
Müharibənin ən ağır mənzərələrindən biri də atasız qalan uşaqlardır. Onlar böyüdükcə atalarının necə insan olduğunu, necə döyüşdüyünü, nə üçün geri qayıtmadığını anlamağa çalışırlar. Analar isə həm öz dərdlərini yaşayır, həm də övladlarının atasız böyüməməsi üçün hər şeyi etməyə çalışırlar. Bəzən nənələr də şəhid olmuş nəvələrinin xatirəsi ilə yaşayır, onların səsini, gülüşünü, uşaqlıq günlərini xatırlayırlar.
Beləliklə, müharibə bitdikdən sonra da qadınların mübarizəsi davam edir. Onlar itkilərlə barışmağa, uşaqlarını böyütməyə, ailələrini qorumağa və yenidən həyata bağlanmağa çalışırlar.

Şamaxı qadınlarının yaddaşında yaşayan müharibə Qarabağ müharibəsinin ağrısını Azərbaycanın hər bölgəsi yaşadığı kimi, Şamaxı qadınları da bu ağır sınaqdan keçiblər. Şamaxıdan Vətən müdafiəsinə yollanan oğulların anaları, həyat yoldaşları, bacıları və övladları müharibənin sevincini də, kədərini də öz həyatlarında yaşayıblar.

Şamaxılı şəhid anaları Pakizə Zərbalıyeva və Aidə Beydiyeva. Bahar Abbasova, Fəzilə Süleymanova, Sürəyya Mahmudova kimi qadınların həyat hekayələri göstərir ki, şəhid anasının müharibədən sonra da bitməyən bir mübarizəsi var. Onlar övladlarının qəhrəmanlığını qürurla xatırlasalar da, ana qəlbindəki həsrət heç vaxt bitmir. Şamaxıdan olan şəhid Elvin Ağakərimovun anası Xədicə Ağakərimovanın taleyi də şəhid ailələrinin yaşadığı dərin ağrının bir nümunəsidir.
Şamaxının kənd və qəsəbələrində oğul, qardaş, həyat yoldaşı və nişanlısının yolunu gözləyən qadınların yaşadıqları tariximizin mühüm bir hissəsidir. Bəziləri sevdiklərini döyüşdən sağ-salamat qarşıladı, bəziləri isə ömürlük ayrılıqla üzləşdi.
Bu qadınlar haqqında danışarkən yalnız şəhid analarını deyil, qazilərin həyat yoldaşlarını, yaralı hərbçilərə baxan bacıları, atasız qalan uşaqları böyüdən anaları, nəvələrinin xatirəsi ilə yaşayan nənələri də xatırlamalıyıq. Çünki müharibənin təsiri yalnız döyüş meydanında deyil, ailələrin gündəlik həyatında da davam edir.

Qadınların müharibədən sonrakı səsi eşidilməlidir

Müharibədən sonra qadınların qarşılaşdığı problemlər yalnız yas və itki ilə bitmir. Maddi çətinliklər, psixoloji travmalar, uşaqların təhsili, sağlamlıq xidmətlərinə çıxış, məşğulluq, sosial müdafiə və ailələrin yenidən həyata uyğunlaşması ciddi diqqət tələb edir.

Şəhid ailələrinin qadın üzvləri, müharibə veteranları, müharibədən zərər çəkmiş bölgələrdə yaşayan qadınlar və atasız böyüyən uşaqlar uzunmüddətli sosial və psixoloji dəstəyə ehtiyac duyurlar.

Onların problemlərini yalnız bayram və anım günlərində xatırlamaq kifayət deyil. Qadınların öz həyatları ilə bağlı qərarların qəbulunda iştirak etməsi, iqtisadi müstəqillik əldə etməsi və uşaqlarının gələcəyini təmin edə bilməsi üçün real imkanlar yaradılmalıdır.

Qadınlar yalnız müharibənin qurbanları deyil. Onlar sülhün qurulmasında, cəmiyyətin bərpasında, uşaqların gələcəyinin qorunmasında və yeni nəsillərin yetişdirilməsində mühüm rol oynayırlar. Onların təcrübəsi, fikirləri və ehtiyacları sülh quruculuğu prosesində nəzərə alınmalıdır.

Qadınların hekayələri yazılmalı, onların yaşadıqları çətinliklər araşdırılmalı, döyüş meydanında göstərdikləri qəhrəmanlıq və müharibədən sonrakı fədakarlıqları cəmiyyətə çatdırılmalıdır.

Tarix yalnız qalib gələn orduların deyil, həmin qələbənin arxasında dayanan insanların da tarixidir.

Qarabağ müharibəsində Azərbaycan qadınları bəzən silahla, bəzən tibbi çantası ilə, bəzən də qucağında körpəsi və ürəyində bitməyən həsrəti ilə mübarizə apardılar. Onların hər biri bu tarixin bir parçasıdır.

Bu gün biz qadınların qəhrəmanlığını, anaların səbrini, həyat yoldaşlarının fədakarlığını, gənc qızların yarımçıq qalmış arzularını və atasız böyüyən uşaqların yaşadığı çətinlikləri unutmamalıyıq.

Qadınlar müharibə tarixindən silinməyiblər. Sadəcə, onların hekayələri kifayət qədər yazılmayıb. İndi həmin hekayələri dinləməyin, sənədləşdirməyin və gələcək nəsillərə çatdırmağın zamanıdır.

Qadın və Müasir Dünya Mərkəzinin Rəhbəri Südabə Şirəliyeva