Psixoloq-pedaqoq, “Nur” Psixologiya və Tədris Mərkəzinin rəhbəri, “Psixoloqun çətin uşaqlarla işinin təşkili” kitabının müəllifi Nuranə Hüseynova valideyn-övlad münasibətlərində emosional bağlılıq, qarşılıqlı etimad və psixoloji təhlükəsizlik mövzusunda QHT.az-a müsahibə verib.

O uşaqla valideyn arasındakı münasibət yalnız tərbiyə, nəzarət və qaydalardan ibarət olmadığını söyləyib. N.Hüseynova bildirib ki, bu münasibətin təməlində emosional bağlılıq, qarşılıqlı etimad və uşağın özünü ailəsində nə dərəcədə təhlükəsiz hiss etməsi dayanır.

-Uşaqlar valideynlərindən daha çox nə zaman uzaqlaşırlar: qadağa eşidəndə, yoxsa hisslərinin anlaşılmadığını düşünəndə?

-Mən bir psixoloq-pedaqoq olaraq hesab edirəm ki, uşağı valideynindən uzaqlaşdıran əsas amil çox zaman qadağanın özü deyil, həmin qadağanın arxasında uşağın hansı münasibəti hiss etməsidir.

Uşaq üçün hər bir qadağa müəyyən məhdudiyyət deməkdir. Lakin bu məhdudiyyət sevgi, izah və anlayışla müşayiət olunduqda uşaq onu tədricən qəbul etməyi öyrənir. Əksinə, onun hissləri davamlı olaraq əhəmiyyətsiz sayıldıqda, fikirləri dinlənilmədikdə və emosional reaksiyaları qınandıqda valideynlə arasında görünməz bir məsafə yarana bilər.

Psixoanalitik baxımdan burada mühüm məqam uşağın valideynlə münasibətdə formalaşdırdığı daxili təsəvvürdür. Uşaq zamanla özünə belə bir sualın cavabını verir: “Mən yalnız böyüklərin istədiyi kimi davrananda sevilirəm, yoxsa səhv etdiyim zaman da dəyərliyəm?”
Əgər uşaq sevginin yalnız itaətlə qazanıldığı qənaətinə gəlirsə, öz həqiqi hisslərini gizlətməyə başlaya bilər. Bu isə emosional yaxınlığın zəifləməsinə səbəb olur.

Burada valideynlərin diqqətinə çatdırmaq istədiyim vacib bir həqiqət var: Uşağın sizinlə mübahisə etməsi hər zaman sizdən uzaqlaşması demək deyil. Bəzən əsl emosional uzaqlaşma uşağın artıq sizə heç nə danışmaması ilə başlayır.

Çünki etiraz edən uşaq hələ də özünü ifadə etməyə çalışır. Susmağı seçən uşaq isə bəzən anlaşılacağına olan ümidini itirmiş olur.

-Valideynlər bəzən “Hər şeyi sənin yaxşılığın üçün edirəm” deyirlər. Bəs niyə uşaqlar bunu hər zaman qayğı və sevgi kimi qəbul etmirlər?

-Bu sualın cavabında valideynin niyyəti ilə uşağın həmin davranışı necə yaşaması arasındakı fərqi görmək lazımdır. Valideyn övladını qorumaq, ona uğurlu gələcək təmin etmək və səhvlərdən uzaq tutmaq istəyir. Lakin yaxşı niyyət hər zaman uşağın emosional ehtiyaclarının düzgün qarşılandığı mənasına gəlmir.
Məsələn, valideyn övladının gələcəyini düşündüyü üçün onun bütün qərarlarına müdaxilə edə bilər.

Valideyn bunu qayğı kimi qiymətləndirsə də, uşaq həmin münasibəti “Mənə güvənmirlər”, “Mənim fikrim əhəmiyyət daşımır” və ya “Mən özüm qərar verməyə qadir deyiləm” şəklində qəbul edə bilər.

Psixoanalitik yanaşmada burada valideynin öz keçmiş təcrübələrinin də rolunu nəzərə almaq vacibdir. Bəzən valideyn uşaqlıqda yaşadığı məhrumiyyətləri, uğursuzluq qorxusunu və ya qarşılanmamış ehtiyaclarını fərqində olmadan övladının həyatına daşıyır.
Özünün əldə edə bilmədiyi uğuru övladında görmək istəyən valideyn bəzən uşağın fərdi arzularını ikinci plana keçirir.

Belə vəziyyətdə uşağın qarşısında görünməz bir psixoloji ziddiyyət yarana bilər: “Mən öz istədiyim insan olmalıyam, yoxsa valideynimin məndən gözlədiyi insan?”
Bu daxili ziddiyyət uzun müddət davam etdikdə özünəinamın zəifləməsinə, günahkarlıq hissinə və müstəqil qərar verməkdə çətinliklərə səbəb ola bilər.

Valideynlərə demək istərdim ki, övladınız üçün etdiyiniz fədakarlığın böyüklüyü qədər, onun bu münasibətdə özünü necə hiss etməsi də əhəmiyyətlidir.

Çünki sevgi yalnız valideynin nə qədər fədakarlıq etməsi ilə deyil, uşağın həmin münasibətdə nə qədər dəyərli, eşidilmiş və qəbul olunmuş hiss etməsi ilə də ölçülür.

-Uşaq nə zaman valideyninə olan etimadını itirir? Niyə bəzən problemlərini valideynləri ilə deyil, dostları və ya yad insanlarla bölüşməyə üstünlük verir?

-Uşaq valideyninə bir sirrini açdıqda, səhvini etiraf etdikdə və ya qorxusunu bölüşdükdə qarşı tərəfdən necə reaksiya alacağını yadda saxlayır.
Əgər onun səmimiyyəti davamlı olaraq qınaqla, müqayisə ilə, alçaldılma ilə və ya sərt cəza ilə qarşılanırsa, uşaq tədricən özünü qorumağın yolunu susmaqda görə bilər.
Burada psixoloji baxımdan çox mühüm bir mexanizm işləyir: uşaq yalnız hadisəni deyil, həmin hadisə zamanı yaşadığı emosional təcrübəni də yadda saxlayır.

Məsələn, bir dəfə məktəbdə yaşadığı problemi anasına danışan uşaq cavabında “Sən özün günahkarsan!” ifadəsini eşidirsə, növbəti dəfə danışmazdan əvvəl həmin reaksiyanı xatırlaya bilər.
Bu hal təkrarlandıqda uşaq üçün valideynə müraciət etmək emosional riskə çevrilə bilər.
Psixoanalitik baxımdan uşağın daxili dünyasında formalaşan münasibət gözləntiləri onun gələcək əlaqələrinə də təsir göstərə bilər. O, anlaşılmadığı mühitdə hisslərini gizlətməyi, qəbul olunduğu mühitdə isə daha rahat ifadə etməyi öyrənə bilər.

Xüsusilə yeniyetməlik dövründə dostlarla yaxınlığın artması təbii inkişaf prosesinin bir hissəsidir. Buna görə də hər sirrin dostla bölüşülməsini valideynə etimadsızlıq kimi qiymətləndirmək düzgün olmaz. Lakin uşaq valideyninin reaksiyasından qorxduğu üçün davamlı şəkildə ondan uzaqlaşırsa, bu, münasibətdə diqqət tələb edən bir siqnaldır.

Valideynlərə burada bir sual ünvanlamaq istəyirəm: Övladınız səhv etdikdə ilk olaraq sizə gəlmək istəyir, yoxsa sizin xəbər tutacağınızdan qorxur?

Bu sualın cavabı ailədəki emosional təhlükəsizlik haqqında çox şey söyləyə bilər.

Unutmayaq ki, uşağın valideyninə etimadı onun heç vaxt səhv etməyəcəyinə inanması deyil. Səhv etdikdə belə valideyninin onu dinləyəcəyinə, alçaltmayacağına və çıxış yolu tapmaqda kömək edəcəyinə güvənməsidir.

-Valideyn uşağına necə “yox” deməlidir ki, həm tərbiyəvi sərhədlər qorunsun, həm də uşaq özünü anlaşılmamış və dəyərsiz hiss etməsin?

-İlk növbədə vurğulamaq istəyirəm ki, sağlam tərbiyə sərhədsiz azadlıq demək deyil. Uşağın psixoloji inkişafında aydın, ardıcıl və yaşına uyğun sərhədlərin olması mühüm əhəmiyyət daşıyır.

Lakin sərhəd qoymaqla uşağın şəxsiyyətini rədd etmək arasında ciddi fərq var.

Valideyn “yox” deyərkən uşağın istəyini qəbul etməyə bilər, amma onun hissini qəbul edə bilər.

Məsələn, “Sus, dedim olmaz!” ifadəsi əvəzinə “Bilirəm, bunu çox istəyirsən və icazə vermədiyim üçün məyus olmusan. Səni başa düşürəm, amma bu dəfə buna icazə verə bilmərəm” demək həm sərhədi qoruyur, həm də uşağın emosiyasını inkar etmir.
Burada əsas psixoloji prinsip budur: Uşağın hər istəyini yerinə yetirmək məcburiyyətində deyilik, lakin onun hisslərini anlamağa məsuliyyətlə yanaşmalıyıq.

Psixoanalitik yanaşma baxımından uşağın məyusluqla qarşılaşması və bu hissin öhdəsindən gəlməyi öyrənməsi inkişafın vacib hissəsidir. Valideynin vəzifəsi uşağı bütün məyusluqlardan qorumaq deyil, həmin hissləri təhlükəsiz münasibət daxilində yaşamasına kömək etməkdir. Mən valideynlərə bir məqamı xüsusilə xatırlatmaq istəyirəm: Uşağa qoyulan sərhəd onun şəxsiyyətinə verilən qiymətə çevrilməməlidir.

“Bu davranışına icazə vermirəm” deməklə “Sən pis uşaqsan” demək eyni şey deyil.

Birincisi davranışı tənzimləyir, ikincisi isə uşağın özünə münasibətinə mənfi təsir göstərə bilər.

Sağlam valideyn mövqeyi nə hər istəyin qarşısında geri çəkilmək, nə də uşağın iradəsini sındırmaqdır. Sağlam mövqe sevgi ilə sərhəd, anlayışla məsuliyyət arasında tarazlıq yaratmaqdır.

Psixoloq-pedaqoq olaraq yekun fikrim, bu gün valideyn-övlad münasibətlərində diqqət yetirməli olduğumuz əsas məsələlərdən biri uşağın yalnız davranışını deyil, həmin davranışın arxasında dayanan emosional ehtiyacını da görməkdir.

Biz bəzən uşağın niyə aqressivləşdiyini, niyə susduğunu, niyə dərslərdən uzaqlaşdığını və ya niyə ailəsi ilə ünsiyyətdən qaçdığını soruşuruq. Amma daha vacib bir sualı nəzərdən qaçırırıq: “Bu uşaq davranışı ilə bizə nə anlatmağa çalışır?”

Hər davranışın arxasında mütləq gizli psixoloji problem dayanmır. Lakin davamlı davranış dəyişiklikləri uşağın yaşadığı emosional çətinlikləri anlamaq üçün mühüm başlanğıc nöqtəsi ola bilər.

Valideynlərə tövsiyəm budur: Övladınızın həyatında yalnız qayda qoyan, istiqamət göstərən və nəticə tələb edən insan olmayın. Eyni zamanda onun səhvini etiraf edə bildiyi, qorxularını gizlətmədiyi və özünü izah etmək məcburiyyətində qalmadan dinlənildiyi insan olmağa çalışın.

Çünki uşağın gələcəkdə necə insan olacağına yalnız ona öyrətdiyimiz qaydalar deyil, bizimlə münasibətdə özü haqqında formalaşdırdığı təsəvvürlər də təsir edir.

Və sonda bütün valideynləri düşündürməsini istədiyim bir sual var.

“Biz övladlarımızı həyata hazırlayarkən onlara düzgün davranmağı öyrədirik. Bəs özlərini dəyərli hiss etməyi də öyrədə bilirikmi?”

Unutmayaq, uşağın psixoloji sağlamlığının qorunması yalnız onun gələcəyinə qoyulan sərmayə deyil, həm də bu gün ailədə qurduğumuz münasibətin keyfiyyətidir.

Qeyd edək ki, Nuranə Hüseynovanın fəaliyyət sahəsi:

Uşaq və yeniyetmə psixologiyası, 
valideyn-övlad münasibətləri, ailədaxili emosional bağlar, fərdi psixoloji konsultasiya, ailə və cütlük terapiyası istiqamətlərində peşəkar fəaliyyət göstərir.