Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli Vətən müharibəsinin otuz dördüncü günü - 30 oktyabrla bağlı xatirələrini bölüşür. Sevda Tahirli həmin günləri xatırlayaraq bildirib:
“ 44 – bu, sadəcə iki rəqəmdir. Amma bu iki rəqəmin içərisinə bir xalqın həyəcanı, sevinci, ümidləri, hətta kədəri də sığmışdı. Həmin 44 günün hər biri xalqımızın 30 il ərzində mənəvi yük kimi daşıdığı ağır dərdləri bir qədər yüngülləşdirən sınaq idi.
Müharibənin başladığı günü avtomobildə olarkən, radioda bu xəbəri eşitdim. Həmin an böyük bir duyğu fırtınası yaşadım. Bu hisslər o qədər güclü idi ki, avtomobilimi yolun kənarına çəkib saxladım. Gözlərimdən dayanmadan yaş axırdı, dilimdən isə təkrar-təkrar “Nəhayət ki...” sözləri çıxırdı.
Müharibə heç kimin sevdiyi bir proses deyil. Çünki müharibə yarımçıq qalmış talelər, yarımçıq qalmış ailələr, həyata keçməyən arzular, nisgillər və ağır itkilər deməkdir. Doğrudur, biz müharibəni sevmirdik. Amma həmin müharibənin başlamasını da illərdir həsrətində olduğumuz torpaqların azadlığına aparan yol kimi görürdük. Çünki illər boyu öz torpaqlarımıza uzaqdan, həsrətlə baxırdıq və onların geri qaytarılması qəlbimizdəki nisgili, daşıdığımız mənəvi yükü azaldacaqdı.
Dəmir yumruqla başladı hər şey və biz də Vətən naminə bir yumruğa çevrildik. Ali Baş Komandan çıxışlarının birində demişdi ki, müharibə zamanı fərarimiz olmadı. Bu, həqiqətən də belə idi. Çünki həm ön, həm də arxa cəbhədə hər kəs özü üçün deyil, başqaları üçün yaşayır, çalışırdı. Bəlkə də qələbəmizin əldə olunmasında bunun da az olmayan payı var idi.
Mən ilk dəfə onda anladım ki, insan heç tanımadığı biri üçün də ürəkdən narahat ola, qorxa bilər. Müjdəli xəbərlər gəldikcə küçədəki insanlar bir-birinə daha da yaxınlaşır, doğmalaşırdılar. Biz həmin 44 gündə sadəcə torpaqlarımızı geri qaytarmadıq. Tariximizi, sabaha olan inamımızı da geri qazandıq.
Bu gün 30 oktyabrdır. Həmin müharibənin 34-cü günüdür. Artıq doqquz kəndimiz işğaldan azad edilmişdi. Qarşıda isə Şuşanın azad olunmasına səkkiz, Zəfər Gününə isə on gün qalırdı. Lakin biz həmin gün bunları bilmirdik.
Şuşanın azad edildiyi, qələbəmizin müjdəsini aldığımız gün mən ölkədən çox uzaqda yaşayan yaxınlarıma bu xəbəri çatdırmaq istədim. Hətta onların yaşadığı ölkədə saatın neçə olduğuna belə diqqət etmədim. Onlar oyaq idilər, yatmamışdılar. Xəbəri onlara çatdıranda bildirdilər ki, artıq bundan xəbərdardırlar. Lakin ürəklərində bir narahatlıq var idi. Səbəbini soruşanda dedilər: “Sən bilirsən, onlar bu qələbəni necə qazandılar? Əl savaşına girərək, güllə atmadan, raket atmadan Şuşanı azad etdilər. Görəsən, onu saxlaya biləcəklərmi?”
Bəli, saxladılar. İgidlərimiz tariximizə, həmin dövrə qədər görünməmiş bir qəhrəmanlıq nümunəsi yazmağı bacardılar.
Bu gün qələbəmizə, zəfərimizə aparan günləri xatırlayarkən yalnız qazandıqlarımızı yada salmırıq. İtirdiklərimizi, şəhidlərimizi, müharibədən sağ qayıdan, lakin 44 günün ağrısını, təəssüratlarını bütün ömrü boyu daşıyan insanlarımızı da unutmur, onları ehtiramla yad edirik.
Zəfər günümüz, zəfər tariximiz mübarək olsun”.








