Süni intellektin inkişafı kibercinayətkarların hücum imkanlarını artırmaqla yanaşı, şirkətləri də rəqəmsal təhlükəsizlik sistemlərinə daha çox investisiya yatırmağa vadar edir. Mütəxəssislər bildirirlər ki, kib hücumlar daha mürəkkəb və sürətli xarakter alır.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin üçüncü rübündə proqram təminatı və kompüter sistemlərində təxminən 37 min təhlükəsizlik boşluğu qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Son dövrlərdə Avropada supermarketlərin soyuducu sistemlərinə edilən hücumlar nəticəsində milyonlarla dollar dəyərində ərzaq məhsulu yararsız hala düşüb. Kriptovalyuta platforması Binance isə 6,3 milyard dollar dəyərində kriptovalyutanın oğurlanmasından sonra süni intellekt əsaslı təhlükəsizlik sistemlərinə investisiyalarını artıracağını açıqlayıb.
Şirkətlər artıq süni intellektdən kibertəhlükələri aşkarlamaq, təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və sistemləri daha sürətli bərpa etmək üçün istifadə edirlər. Bununla yanaşı, hakerlər də eyni texnologiyadan hücumlarını təkmilləşdirmək məqsədilə yararlanırlar.
McKinsey-in proqnozuna əsasən, qlobal kibertəhlükəsizlik bazarının həcmi 2025-ci ildəki 223 milyard dollardan 2029-cu ilədək 346 milyard dollara çatacaq.
Mütəxəssislərin fikrincə, süni intellekt dövründə əsas çağırış təhlükəsizlik boşluqlarını kibercinayətkarlar onlardan istifadə etməzdən əvvəl aradan qaldırmaqdır. Bu səbəbdən şirkətlər müdafiə sistemlərini davamlı olaraq yeniləməli və kibertəhlükəsizliyə daha çox diqqət ayırmalıdırlar.








