Süni intellekt yaxın gələcəkdə tibb və biologiya sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Yeni texnologiyaların xəstəliklərin müalicəsində ciddi irəliləyişlər yaradacağı, hətta insan ömrünün uzadılmasına imkan verəcəyi iddia olunur.

QHT.az xarici mediaya istinadən bildirir ki, “OpenAI” şirkətinin prezidenti və həmtəsisçisi Greg Brockman süni intellektin qarşıdakı 12-18 ay ərzində səhiyyə və biologiya sahəsində mühüm nəticələr verəcəyini bildirib.

Brokman “The Wall Street Journal”ın texnologiya tədbirində çıxışı zamanı xəstəliklərin müalicəsi ilə bağlı uzun müddətdir gözlənilən yeniliklərin yaxın zamanda konkret nəticələr verməyə başlayacağını vurğulayıb. Onun sözlərinə görə, süni intellektin inkişafı insanların ölüm anlayışına münasibətini belə dəyişə bilər.

İnsan ömrü uzadıla bilər

Texnologiya sahəsində çalışan digər şəxslər də süni intellektin insan ömrünü uzatmaq potensialına diqqət çəkirlər.

“Palantir” şirkətinin texnologiya direktoru Şyam Sankar ötən ay bəzi süni intellekt tədqiqatçılarının texnologiyanın gələcəkdə xərçəng xəstəliyini müalicə edəcəyinə böyük ümid bəslədiklərini bildirib. O, bu yanaşmanı cəmiyyətdə yaranan yanlış təsəvvür kimi qiymətləndirib.

Futuroloq Piter Diamandis isə 2030-cu ildən əvvəl qarşısı alına bilən səbəblərdən ölüm hallarının minimuma endirilməsinə diqqət yetirilməli olduğunu müdafiə edib. Onun fikrincə, süni intellektin inkişafı insanların həyat müddətini davamlı şəkildə uzatmasına imkan verən texnologiyaların yaranmasına şərait yarada bilər.

Qeyd edək ki, Greg Brockmanın açıqlamaları gələcəyə dair proqnoz xarakteri daşıyır. Ölümün seçimə çevrilməsi və insan ömrünün qeyri-məhdud uzadılması hazırda elmi cəhətdən sübut edilmiş imkanlar deyil.