Şotlandiyada bir sıra bələdiyyələr və səhiyyə qurumları internetin böyük hissəsinin əsasını təşkil edən PHP proqramlaşdırma dilində təhlükəsizlik boşluqları aşkarlanandan sonra veb-saytlarını müvəqqəti olaraq bağlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, kibertəhlükəsizlik tədqiqatçıları uzun illər aşkar edilməyən bu boşluqların müəyyənləşdirilməsində süni intellekt əsaslı təhlil vasitələrinin kömək etdiyini bildiriblər.
Çərşənbə günü yayımlanan təhlükəsizlik yeniləmələrindən sonra dünya üzrə dövlət və ictimai qurumlar sayt operatorlarını müvafiq düzəlişləri tətbiq etməyə çağırıblar.
Şotlandiyada 32 bələdiyyədən ən azı yeddisi, 14 səhiyyə şurasından isə altısı ehtiyat tədbiri olaraq saytlarını müvəqqəti bağlayıb. Bəzi qurumlarda xidmətlər axşam saatlarında bərpa olunub.
Problem Finlandiya hökuməti və BBC də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindəki dövlət qurumlarına və şirkətlərə təsir edib.
Edinburq Şəhər Şurasının üzvü Sanne Dijkstra-Downie bildirib ki, onlayn xidmətlərin əlçatmaz olması sakinlər üçün çətinlik yarada bilər. O, xidmətlərin bərpa müddəti barədə əhalinin məlumatlandırılmasının və təcili yardıma ehtiyacı olan şəxslərin dəstək ala bilməsinin vacibliyini vurğulayıb.
Boşluqlar Calif və Wiz şirkətlərinin kibertəhlükəsizlik tədqiqatçıları tərəfindən aşkarlanıb. Calif, OpenAI tərəfindən PHP Fondu ilə birgə başladılan “Patch the Planet” təşəbbüsündə iştirak edib. Təşəbbüs çərçivəsində tədqiqatçılara PHP-dəki təhlükəsizlik problemlərini müəyyənləşdirmək üçün qabaqcıl süni intellekt vasitələri təqdim olunub.
OpenAI bu kəşfi son dövrlərin ən əhəmiyyətli təhlükəsizlik problemlərindən biri kimi qiymətləndirib. Şirkət öz tədqiqatçılarından birinin də problemi digər şirkətlərlə təxminən eyni vaxtda aşkarladığını bildirib.
On ildən artıq müddət ərzində aşkar edilməyən boşluqlar avqust ayında bir neçə həftə davam edən süni intellekt dəstəkli təhlillər nəticəsində müəyyən edilib. Wiz internet saytlarının təxminən 70 faizinin təsirlənmiş ola biləcəyini ehtimal edir. Lakin BBC bu rəqəmi müstəqil şəkildə təsdiqləməyib.
PHP Fondu təhlükəsizlik boşluqları barədə məlumatı və proqram yeniləməsini ayın sonlarına yaxın açıqlamağı planlaşdırırdı. Lakin məlumatların çərşənbə axşamı sosial şəbəkələrdə yayılması fondun açıqlamanı və düzəlişləri daha tez təqdim etməsinə səbəb olub.
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC), eləcə də Avropa İttifaqı və Avstraliyadakı müvafiq qurumlar PHP-dən istifadə edən təşkilatları yeniləmələri tətbiq etməyə çağırıblar.
NCSC xəbərdarlığında qeyd olunub ki, problemin dərhal aradan qaldırılması mümkün deyilsə, sistem tam təhlükəsiz vəziyyətə gətirilənədək onun internetdən müvəqqəti ayrılması nəzərdən keçirilməlidir.
Zəhra Mansırova












