Apple şirkətinin iPhone satışları ilə bağlı gözləntilər aşağı salınıb. ABŞ-ın investisiya şirkəti Loop Capital texnologiya nəhənginin səhmləri üzrə tövsiyəsini “Al”dan “Saxla”ya dəyişib. Qərarın əsas səbəbi qarşıdakı dövrdə iPhone satışlarında gözlənilən artımın reallaşmayacağı ilə bağlı proqnozlardır.
QHT.az xarici mediaya istinadən bildirir, 13 milyon iPhone-un çatışmazlığı kompensasiya edilməyəcək
Apple daha əvvəl 2026-cı ilin sentyabr və dekabr rübləri üçün nəzərdə tutulan iPhone tədarükünü təxminən 10 faiz azaltmışdı. Loop Capital bu addımın tələbin azalmasından deyil, yaddaş və prosessor təchizatındakı problemlərdən qaynaqlandığını düşünürdü. Şirkət çatışmayan cihazların 2027-ci il ərzində kompensasiya olunacağını gözləyirdi.
Lakin təchizat zənciri ilə bağlı son araşdırmalar bu ehtimalın reallaşmaya biləcəyini göstərib. Yeni proqnoza əsasən, Apple 2026-cı ilin ikinci yarısında planlaşdırılan tədarükdən çıxarılan təxminən 13 milyon iPhone-u sonradan kompensasiya etməyi nəzərdə tutmur.
Bu gözləntilər şirkətin səhmləri üçün müəyyənləşdirilən hədəf qiymətə də təsir edib. Loop Capital Apple səhmləri üzrə qiymət hədəfini 370 dollardan 330 dollara endirib.
Dekabr rübü üzrə gözləntilər aşağı salınıb
Loop Capital dekabr rübündə Apple-ın 79 milyon iPhone tədarük edəcəyini proqnozlaşdırır. Halbuki bazarın ümumi gözləntisi 85 milyon cihaz səviyyəsindədir.
Bununla yanaşı, bir iPhone-un orta satış qiyməti ilə bağlı proqnoz da 1 239 dollardan 1 123 dollara endirilib.
2027-ci ildə satış artsa da, gəlir azala bilər
Loop Capital-ın qiymətləndirməsinə görə, Apple 2027-ci ildə 260 milyon iPhone sata bilər. Bu göstərici əvvəlki proqnozdan yüksək olsa da, cihazların orta satış qiymətinin aşağı düşəcəyi gözlənilir.
Belə ki, orta satış qiyməti üzrə proqnoz 1 235 dollardan 1 096 dollara, iPhone satışlarından əldə ediləcək gəlirlə bağlı gözlənti isə 315 milyard dollardan 285 milyard dollara endirilib.
Analitiklər həmçinin yaddaş komponentlərinin bahalaşmasının Apple-ın mənfəət marjasına təzyiq göstərə biləcəyini bildirirlər. Bu amillər şirkətin gələcək satış və gəlir göstəriciləri ilə bağlı qeyri-müəyyənliyi artırır.












