Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Azərbaycanın görkəmli şairi, milli azadlıq hərəkatının fəal nümayəndəsi, vətənpərvər ziyalı Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından, azadlıq uğrunda mübarizəsi haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Ötən gün Azərbaycan Milli Azadlıq Hərəkatının fədakar nümayəndələrindən biri, azadlıq aşıqi, saf, ləyaqətli insan Xəlil Rza Ulutürkün doğum günü idi.
Görkəmli şair Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub.
O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə fəal iştirak Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.
Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Təbriz Xəlilbəylidir.
Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib. O böyük insanın məkanı cənnət olsun!"












