Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
QHT.az xəbər verir ki, bu dəfə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimovanın uğur hekayəsi təqdim edilib.
Səbinə Kərimova bildirib ki, şəxsi həyatında yaşadığı dönüş onu əlilliyi olan şəxslərlə çalışmağa sövq edib: Əlilliyi olan şəxs deyildim. Əlilliyimi sonradan qazanmışam. Həyata küskün idim. Bir dəfə qarşıma çıxan bir hadisədən sonra belə qərara gəldim ki, əlilliyi olan şəxslərlə işləmək mənim həyatıma yeni bir stimul qatacaq.
S.Kərimovanın sözlərinə görə, təşkilatın fəaliyyətində dövlət dəstəyi mühüm rol oynayır: İlk növbədə, biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən layihə alırıq. Sağ olsunlar ki, dəstək verirlər və çox gözəl layihələrimizi icra edirik.
O qeyd edib ki, həyata keçirdikləri bütün layihələr real nəticə verir: Düşünürəm ki, layihələrimizin nəticəsi də olur. Bizim etdiyimiz elə bir layihə yoxdur ki, onun nəticəsi olmasın. Hər birinin nəticəsi var. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bir layihəsinin qalibi olmuşuq: “Bacarıqdan peşəyə, peşədən məşğulluğa”.
O vurğulayıb ki, yeni layihədə yaş məhdudiyyəti aradan qaldırılıb və maraq gözləniləndən çox olub: Bu layihədə biz əlilliyi olan xanımlara yaş fərqi qoymamışıq. Həmişə gənclərlə daha çox işləyirdik, amma indi yaş fərqi qoymamışıq. Həmin xanımlara kulinariya kursları keçirilir və master-klasslarımız da olacaq. İnanın ki, biz səkkiz nəfəri nəzərdə tutmuşduq, amma artıq on beş nəfərimiz var. Yəni, çox maraqla gəlib öyrənmək istəyirlər, həvəslidirlər. Biz onlara müxtəlif yeməklərin və desertlərin hazırlanmasını öyrədirik ki, onlar, məsələn, öz qazanclarını əldə etmək üçün evdə bişirib sata bilsinlər. Bu, bizim hazırkı hədəfimizdir.
S.Kərimova bildirib ki, gələcəkdə peşə yönümlü təhsil mərkəzi yaratmaq istəyirlər: Gələcəkdə də bizim məhz təhsil mərkəzi yaratmaq niyyətimiz var. Həmin təhsil mərkəzində əlilliyi olan şəxslər oxuyacaq və peşə öyrənəcəklər.
O əlavə edib ki, mərkəz ali təhsil almaq istəyənlər üçün də imkan yaradacaq: Peşə təhsili ilə yanaşı, ali təhsil almaq istəyənlər də həmin təhsil mərkəzində hazırlaşaraq cəmiyyətə inteqrasiya edə biləcəklər. Onlar istədikləri peşəyə və sənətə uyğun biliklər əldə edəcəklər.
Onun sözlərinə görə, təşkilat üzvlərinin həyatında müsbət dəyişikliklər baş verir: Təşkilat üzvlərinin çoxunun həyatı təşkilatımıza üzv olduqdan sonra dəyişib və onlardan biri də Xəyalə xanımdır.
S.Kərimova qeyd edib ki, Xəyalə xanım təşkilata qoşulanda özünə inamsız idi: Xəyalə xanım bizim təşkilata gələndə, demək olar ki, həyata küskün, hər şeyə ehtiyatla yanaşan bir xanım idi. Əl işləri ilə məşğul olurdu, evdə az-az toxuculuq işləri görürdü.
O bildirib ki, Xəyalə xanımın ilk qazanc əldə etməsinə dəstək olublar: Mən ona dedim ki, Xəyalə, sən toxumaqla qazanc əldə edə bilərsən. O dedi ki, demək olar, ilk gəlirim yoxdur ki, gedib bir sap alım, onu toxuyum. Mən ona dedim ki, ilk alıcın yenə mən ola bilərəm. İndi də davam edirik, bu işləri görürük. Kimin bacarığı nədirsə, kimin istəyi nədirsə, biz ona uyğun şərait yaradırıq ki, onlar öz qazanclarını əldə etsinlər və sərbəst olsunlar.
S.Kərimovanın fikrincə, əlilliyi olan şəxslərin ən böyük problemi məşğulluq və ailə münasibətidir: Əlilliyi olan şəxslərin ilk növbədə problemi məşğulluq məsələsidir. Ailədə formalaşan ünsiyyət və əlilliyə münasibət də önəmlidir. Belə deyim, valideyn əlilliyi olan uşağa yatırım etmək istəmir. Çünki fikirləşir ki, ona ya bacısı, ya da qardaşı baxmalıdır.
O vurğulayıb ki, təhsil və peşə hazırlığı əlilliyi olan şəxslərin müstəqilliyi üçün əsas şərtdir: Amma düşünmür ki, əlilliyi olan şəxsə yatırım etsə, onu oxutsa, təhsil versə və yaxud hansısa sənət öyrətsə, həmin uşaq gələcəkdə özünü də saxlaya bilər. Hətta bacı-qardaşına da dəstək ola bilər. Birinci növbədə əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı, daha sonra isə məşğulluğu gəlir. Əlilliyi olan şəxslərin əsas problemləri bunlardır.
S.Kərimova diqqətə çatdırıb ki, bəzi şəxslər ailə daxilində zorakılıqla üzləşirlər: Elə əlilliyi olan şəxslərimiz var ki, evdə ailə-məişət zorakılığına məruz qalırlar.
O bildirib ki, müraciət edənlərə hüquqi və psixoloji dəstək göstərməyə çalışırlar: Onlar da bizə müraciət edirlər və biz çalışırıq ki, bacardığımız qədər həm hüquqi, həm də psixoloji yardım göstərək.
Onun sözlərinə görə, media layihəsi iştirakçıların məşğulluğuna da töhfə verib: Bizim media bacarıqları layihəmizdə əlilliyi olan şəxslər media sahəsini öyrəndikdən sonra saytlarda işləməyə başladılar. İndi də bizim sosialmedia.az saytımız var. Burada təşkilatımızın üzvləri administrator kimi fəaliyyət göstərirlər və sayt fəaliyyətini davam etdirir.
Sonda S.Kərimova QHT-lər üçün daha əlverişli şəraitin yaradılmasını arzuladığını bildirib.












