Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Vətən müharibəsinin iyirmi birinci günü - 17 oktyabrla bağlı xatirələrini bölüşür. Umud Rəhimoğlu həmin günləri xatırlayaraq bildirib:

"44 gün ərzində şanlı bir tarix yaşadıq. Azərbaycanın yaşayış məntəqələri, 300-ə yaxın yaşayış məntəqəsi bir-birinin ardınca, ildırım sürəti ilə azad olundu. Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun rəşadətindən günlərlə, həftələrlə, aylarla, illərlə danışmaq olar.

Nə xoş ki, noyabrın 8-də cənab Prezident məhz Şuşanın azad olunması xəbərini məhz bu xiyabandan, Şəhidlər xiyabanından Azərbaycan xalqına, dünyaya bəyan etdi. Noyabrın 10-da Ermənistan kapitulyasiya sazişinə imza qoymağa məcbur oldu.

Mənim üçün həm də buna görə əlamətdardır ki, mən özüm Füzuli rayonunun təməlqoyma mərasimində iştirak edən füzulilərin arasında olmuşam. Cənab Prezidentlə birlikdə o tədbirin iştirakçılarından biri olmuşam.

Ona görə mən bu gün münasibətilə bütün füzuliləri, bütün xalqımızı təbrik etmək istəyirəm. Ruhu şad olsun şəhidlərimizin, zəfər ordumuza eşq olsun, var olsun onlar, şanlı əsgərlərimiz. Onların hesabına bizim Ağdamımız, Laçınımız, Kəlbəcərimiz bir güllə atılmadan işğaldan azad olundu.

2020-ci il dekabrın 19-da bir gün də tamam olmadı ki, bütün Qarabağ işğaldan azad olundu və torpaqlarımız bütövləşdi.

Mən bir daha vurğulamaq istəyirəm: Ruhu şad olsun bütün şəhidlərimizin, zəfər ordumuza eşq olsun, var olsun Ali Baş Komandanımız. Bizim bayrağımız həmişə yüksəkliklərdə dalğalansın".