Xəbərlər 27.05.2025 15:58 163

QHT sədri: Əfv Sərəncamı insanpərvərliyə və ədalət dəyərlərinə əsaslanan dövlət siyasətini nümayiş etdirir

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 71-ci Əfv Sərəncamı 200-dən çox məhkuma şamil olunaraq onların azadlığa çıxmasına şərait yaradıb. Bu sənəd hüquqla yanaşı, insanpərvərliyə və ədalət dəyərlərinə əsaslanan dövlət siyasətinin ardıcıl davamını nümayiş etdirir.

QHT.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, Əfv Sərəncamları Azərbaycanda humanizmə əsaslanan yanaşmanın artıq oturuşmuş və davamlı bir dövlət siyasəti olduğunu təsdiqləyir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 33, Prezident İlham Əliyev tərəfindən isə indiyədək 38 belə Sərəncam imzalanıb və nəticədə 10 mindən çox məhkum azadlığa buraxılıb. Bu addımlar dövlətin cəza siyasətində bağışlama, yenidən cəmiyyətə qazandırma və sosial adaptasiya prinsiplərinə verdiyi önəmi bir daha ortaya qoyur. Əfv edilən şəxslərlə bağlı qərar onların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin dövrdəki davranışları nəzərə alınmaqla qəbul edilib.

QHT sədri vurğulayıb ki, əfv olunan hər bir şəxsə yeni həyat imkanı təqdim edən bu qərar, eyni zamanda, yüzlərlə ailəyə sevinc bəxş edib. “Dövlətin və cəmiyyətin bağışlama və yenidən inteqrasiya prinsipinə sadiqliyini əks etdirən bu Sərəncam hüquqi mexanizmlərlə yanaşı, mənəvi dəyərlərin də təcəssümüdür. Bu cür sərəncamlar təkcə fərdi talelərə toxunmur, eyni zamanda, cəmiyyətin ümumi mənəvi mühitinə müsbət təsir göstərir, bağışlama və islah olunma kimi dəyərləri gücləndirir. Dövlətin bu mövqeyi onu göstərir ki, cəzanın məqsədi təkcə cəzalandırmaq deyil, həm də islah etmək, insanlara ikinci şans vermək və cəmiyyətlə yenidən bağ qurmaqdır. Məhz bu fəlsəfə Azərbaycanda hüquq və ədalət sisteminin mərkəzində dayanır”, - deyə o əlavə edib.

“Öz adını əfv siyahısında görən şəxslər tezliklə azadlığa qovuşmaq, ailə üzvlərini görmək və bu sevinci yaşamaq istəyirlər. Bu baxımdan Əfv Sərəncamının bir neçə saat ərzində Ədliyyə Nazirliyi tərəfdən icra edilməsini də xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, Əfv Sərəncamının icrasının qısa zamanda təmin edilməsi ədliyyə və hüquq sahəsində idarəçiliyin yüksək səviyyədə olmasının göstəricisidir. Xüsusilə qeyd olunmalıdır ki, bu prosesdə vətəndaş cəmiyyətinin nümayəndələrinin, hüquq müdafiəçilərinin və aidiyyəti QHT-lərin iştirakına şərait yaradılması da şəffaflıq və ictimai etimad baxımından mühüm rol oynayır. Bu yanaşma bir daha göstərir ki, əfv siyasəti yalnız inzibati qərar deyil, həm də ictimai dialoqa və insan hüquqlarının təmin olunmasına əsaslanan kompleks bir mexanizmdir”, - deyə C.Hüseynzadə qeyd edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı