Xəbərlər 27.05.2025 16:01 175

Rauf Zeyni: "İslahatlar vətəndaş məmnunluğunu təmin etməlidir"

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, ölkə prezidenti İlham Əliyevin 28 dekabr sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi əhəmiyyət daşıyır.

Rauf Zeyni vurğulayıb ki, bu il Konstitusiyanın qəbulunun 30 illiyi və torpaqlarımızın tam azad olunması ilə əlaqədar, qanunların aliliyi, şəffaflıq, hesabatlılıq və ədalətin daha yüksək səviyyədə təmin olunması ön plandadır:

“Bütün sahələrdə islahatlar aparılır və bu islahatlar vətəndaş məmnunluğunu təmin etməlidir. Ölkə prezidenti dəfələrlə qeyd edir ki, siyasətimizin mərkəzində vətəndaş məmnunluğu, vətəndaşın rifahı dayanır. Ona görə də bütün sahələrə aid olaraq demək istəyirəm ki, məmur özbaşınalığına birmənalı şəkildə son qoyulmalıdır".

Rauf Zeyni həmçinin məmur özbaşınalığı və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb, qeyd edib ki, şəffaflıq və ictimai nəzarət inkişaf etdirilməli, kadr islahatları davam etdirilməlidir.

"Təəssüf ki, hansısa bir böyük dövlət məmuru işdən azad olunandan sonra məlum olur ki, onun milyardları var. Hardandır, bu milyardlar hansı mənbələrdən əldə olunub və bu milyardlardan heç bir manat indiyə qədər heç yerə qaytarılmayıb. Belə hallara yol vermək olmaz. Yəni, əgər biz ölkəmizin inkişafını daha yüksək səviyyədə təmin etmək istəyiriksə, burada şəffaflıq, ictimai nəzarət, ictimai iştirakçılıq və bütün mənalarda inkişafı təmin edən hallar gücləndirilməlidir. Kadr islahatları çox böyük islahatlardır, ölkədə və xaricdə təhsil alan bir çox kadrlar vəzifələrlə təmin olunublar. Amma təəssüflər olsun ki, vəziyyət yaxşılığa doğru heç dəyişmir. Yəni, biz gözləyirik ki, ölkə prezidenti tərəfindən aparılan islahatlar çox müsbət nəticələr versin. Əhali də bunu dəstəkləyir, ictimaiyyət də bunu dəstəkləyir və biz hamımız bu islahatları dəstəkləyirik. Ancaq təəssüflər olsun ki, müvafiq dövlət qurumlarında və ya digər təşkilatlarda çox az hallarda şahid oluruq ki, bu islahatlar vətəndaşların gözlədiyi nəticələrə gətirib çıxarsın. Təbii ki, ümidlə bunların hamısını gözləyirik və inanırıq ki, bu islahatlar yenə də öz müsbət nəticələrini verəcək. Vətəndaşların hüquqlarının müdafiə olunması, vətəndaşlara xidmətin, o cümlədən elektron və rəqəmsal xidmətlərin keyfiyyətinin artırılması, bir sözlə, qanunların aliliyi prinsipinin bərqərar olması çox vacib məsələdir. Çünki bir çox hallarda vətəndaşlar bizə müraciət edirlər ki, onlar aylarla, hətta illərlə bu və ya digər dövlət orqanlarına, qurumlara müraciət edirlər və öz müraciətlərinə cavab ala bilmirlər. Bu çox acınacaqlı və yolverilməz haldır. Ona görə də Konstitusiya ilə əlaqədar yeni “Konstitusiya İli” ilə bağlı hüquqi məsələlər öz həllini tapmalıdır.”

Ardı var...

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı