“Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsinin BSU-da təqdimatı keçirilib - FOTOLAR
27 may 2025-ci il tarixində Bakı Slavyan Universitetində (BSU) “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsinin təqdimat mərasimi baş tutub.
QHT.az xəbər verir ki, tədbirdə ictimai xadimlər, alimlər, media nümayəndələri və tələbələr iştirak ediblər. Təqdimat zamanı layihə çərçivəsində aparılmış elmi-tədqiqat işlərinin nəticələri təqdim olunub, Şuşanın görkəmli tarixi simaları – Bəhrəm bəy Məlik-Abbasov, Məmo bəy Mamai və Əbdürrəhim bəy Haqverdiyev haqqında geniş məlumat verilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihənin təqdimatında çıxış edən “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin sədri Eldar Məlik-Abbas, layihənin əsas məqsədinin Şuşa qəzasının görkəmli ziyalılarının həyat və fəaliyyətini yenidən araşdırmaq, elmi və ictimai müstəvidə təqdim etmək olduğunu bildirib:
“Bu layihə bizim üçün təkcə keçmişə baxış deyil, eyni zamanda gələcəyə qoyulan mənəvi sərmayədir.”
Tədbirdə layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Əsəd Qurbanlı çıxış edərək XIX əsrdə Şuşa qəzasının Qafqazın ən mədəni bölgələrindən biri olduğunu vurğulayıb:
“Bu regionda formalaşan maarifçilik mühiti Bəhrəm bəy Məlik-Abbasov, Məmo bəy Mamai və Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlərin yetişməsində mühüm rol oynayıb. Onların fəaliyyəti Azərbaycan milli şüurunun formalaşmasında əvəzsiz yer tutur.”
Layihə çərçivəsində toplanan materiallar əsasında görkəmli bəylərin fəaliyyətinə dair təqdimatlar müasir texnologiyalar vasitəsilə nümayiş olunub. Çıxış edən digər qonaqlar – qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və media nümayəndələri layihənin tarixşünaslıq və vətənpərvərlik baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda qeyd edilib ki, bu cür təşəbbüslər Şuşanın zəngin mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından olduqca vacibdir. “Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsi elmi-tədqiqat nəticələrinin geniş ictimaiyyətə təqdim edilməsi və milli dəyərlərin gənclər arasında təbliği məqsədi daşıyır.