Xəbərlər 03.06.2025 10:21 157

Müəllimləri hədəf alan SERTİFİASİYA: Təhsil ekspertindən AÇIQLAMA

AVMA İctimai Birliyinin Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov QHT.az-a verdiyi açıqlamada müəllimlərin sertifikasiyasının məqsəd və əhəmiyyətindən danışıb.

O bildirib ki, sertifikasiyanın əsas məqsədi müəllimləri işdən çıxarmaq deyil, onların peşəkar inkişafını təmin etməkdir:

"Baxmayaraq ki, “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”; “Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”; “Burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir” və s. bu kimi rəsmi bəyanatlar verilib, bununla belə tətbiq olunmağa başladığı ilk vaxtlar sertifikasiya heç də hamı tərəfindən birmənalı qəbul olunmayıb, müəyyən müəllimlər tərəfindən diskomfortla müşayət olunub, narahatlıq və narazılıq doğurub. MİQ imtahanı keçirildiyi halda əlavə olaraq sertifikasiyanın vacib olmadığını iddia edənlər, sertifikasiya imtahanlarının suallarının məzmununa etiraz edənlər, sertifikasiyada yaş həddi ilə razılaşmayanlar, 50 bal toplamış müəllimlərin 35 faizlik artımdan yararlana bilməməsinə narazılıq bildirənlər, müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin aylarla uzadılmasını məqbul hesab etməyənlər heç də az olmayıb".

Nadir İsrafilov qeyd edib ki, son vaxtlar bu kimi narahatlıq və narazılıqlar nəzərəçarpacaq dərəcədə səngiyib, bununla belə hələ tam əminliklə demək olmaz ki, bu istiqamətdə bütün işlərimiz yolundadı:

"Sertifikasiya müəllimin peşə yararlılığını tam üzə çıxarmasa da, onu daim inkişafda saxlamaq, bunun üçün öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılması üçün bir zərurətdir. Əslində, müəllim sertifikasiya imtahanına görə yox, bu adın müqəddəsliyini qorumaq üçün daim hazırlıqlı olmalıdır. Yalnız bu halda sertifikasiya proseduru müəllimlər üşün diskomfortla müşayət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilə bilər".

Nadir İsrafilov sertifikasiya prosesinə müəllimin səriştələrinin inkişafını dərk etməsinə kömək edən, yeni bacarıqların formalaşmasına imkan verən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi yanaşmağın vacibliyini vurğulayıb:

"Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Unutmayaq ki, sertifikasiya müəllimlərin məsuliyyətini artırır, yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır. Müəllim pedaqoji prosesdə həlledici qüvvədir və şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür."

Ardı var...

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı