Xəbərlər 02.06.2025 09:30 108

Şirvanda qadınların sosial-iqtisadi fəallığının artırılmasına yönəlmiş tədbir keçirildi - FOTOLAR

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı layihəni həyata keçirmişdir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində Şirvan şəhərində qadınların sosial-iqtisadi fəallığının artırılmasına, onların məşğulluq imkanlarının genişləndirilməsinə və ailə institutunun möhkəmləndirilməsinə dair tədbir keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova, layihənin məqsədləri, əsas hədəfləri və əldə olunacaq nəticələr barədə tədbir iştirakçılarına geniş məlumat təqdim etmişdir. O qeyd edib ki, layihə xüsusilə məcburi köçkün və şəhid ailələrindən olan qadınların sosial və iqtisadi həyatda fəal iştirakını təmin etmək, onların məşğulluğunu və sahibkarlıq potensialını artırmaqla bərabər, ailə institunun sosial dayaqlarını möhkəmləndirməyə xidmət edir.

Daha sonra layihənin eksperti Rəşad Həsənov layihə üzrə hazırladığı 25 slayddan ibarət təqdimatı tədbir iştirakçılarına təqdim etmiş, layihənin aktual aspektləri, gözlənilən nəticələri və mövcud sosial-iqtisadi çağırışlara dair faydalı və əhəmiyyətli məlumatları geniş şəkildə izah etmişdir.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elvin Balayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak etmiş və layihənin əhəmiyyəti ilə bağlı çıxış etmişlər. Qonaqlar qadınların sosial-iqtisadi həyatda daha fəal iştirakını təmin etmək üçün dövlətin və QHT-lərin birgə əməkdaşlığının vacibliyini vurğulamışlar.

Layihə, işğaldan azad edilmiş ərazilərə geri qayıdan qadınların məşğulluq imkanlarının artırılması, onların sosial rifahının yaxşılaşdırılması və ailədaxili münasibətlərin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı