Qəzadan sonra valideynlərinin cansız bədənləri ilə avtomobildə sıxışıb qalan və xilas olunmaq üçün 55 saat gözləyən ən böyüyü 5 yaşında olan üç uşaq Avstraliyanın bir nömrəli gündəmi oldu.
QHT.az xəbər verir ki, 28 yaşlı Ceyk Day və 25 yaşlı Sindi Breddok Milad bayramını ailələri ilə keçirmək üçün 3 azyaşlı uşaqları ilə Northamdan Kondininə gedirdilər.
Hədəflərindən cəmi 10 kilometr aralıda ailənin qırmızı rəngli Land Rover avtomobili boş yolda qəzaya uğrayıb.
Qəza zamanı ana və ata həyatını itirərkən, avtomobildə olan 3 uşaq yoldan çıxaraq çevrilmiş avtomobildə sıxışıb qalıb.
Onlar valideynlərinin meyitləri ilə 55 saat gözləməli olublar.
Aşmış avtomobildə ilişib qalan ailənin 5 yaşlı böyük uşağı 1 yaşı tamam olan qardaşının təhlükəsizlik kəmərini açmağa müvəffəq olub. İlişdiyi kəmərdən qurtulan körpə maşının damında uzanıb.
Üç azyaşlı uşaq qohumları gəlib onları tapana qədər valideynlərinin meyitləri ilə maşında 55 saat gözləməli olub.
Bu sırada qəzadan xəbərsiz olan cütlüyün ailə üzvləri çarəsiz axtarışlara başlamışdı.
Qəza yerinə ilk olaraq uşaqların atası Ceykin əmisi oğlu Maykl Rid gəlib. Aşan maşını görəndə heç kimin sağ çıxmayacağını düşünsə də, 5 yaşlı qızın qışqırtısını eşidəndə maşına yaxınlaşaraq ətrafdan kömək istəmişdi.
Hadisə polislər tərəfindən araşdırılır. 5 yaşlı uşağın özünü itirmədən hadisədən xəsarətsiz çıxması və qardaş-bacısını qoruması ölkədə böyük gündəm olub.












