Qlobal qidalanma sahəsində donorların ölkələrin prioritetlərinə daha çox uyğunlaşmasının və onların öz inkişaflarına rəhbərlik etməsinin vacibliyi vurğulanıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu fikirlər Qananın Akkra şəhərində keçirilən Mikronutrient Forumunun 7-ci Qlobal Konfransında səsləndirilib. Dünyanın ən böyük qidalanma tədbirlərindən biri olan konfransda əyani və onlayn olmaqla 2 300 iştirakçı yer alıb.

Konfransda qlobal qidalanma, beynəlxalq yardımın azalması və ölkələrin öz imkanlarına daha çox güvənməsi müzakirə olunub. İştirakçılar 2025-ci ilin martında Parisdə keçirilən “Nutrition for Growth” (N4G) sammitində qidalanma proqramları üçün vəd edilən 30,5 milyon dollar vəsaitin necə daha səmərəli istifadə olunacağını da müzakirə ediblər.

Mütəxəssislər bildiriblər ki, xüsusilə uşaqlarda qidalanma çatışmazlığı fiziki və beyin inkişafına uzunmüddətli təsir göstərə bilər. Beynəlxalq yardımın azalması fonunda ölkələrin öz prioritetlərini müəyyən etməsi və donorların bu istiqamətləri dəstəkləməsi getdikcə daha böyük əhəmiyyət daşıyır.