Apple qatlanan telefonlarda ən çox müzakirə olunan problemlərdən biri – ekranın qatlanma hissəsində yaranan izlə bağlı yeni həll təqdim edib. Şirkətin iPhone Duo modelində istifadə etdiyi xüsusi nano teksturalı örtük qatlanma izinin vizual təsirini azaltmağa imkan verir.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin məlumatına görə, daxili ekranda istifadə olunan mat örtük həm qatlanma izini daha az nəzərəçarpan edir, həm də işıq əks olunmasını azaldır. Bununla da istifadəçilərin müxtəlif işıq şəraitində daha rahat görüntü əldə etməsi hədəflənir.

Apple-ın aparat inkişafından məsul vitse-prezidenti Kate Bergeron bildirib ki, örtüyün hazırlanması üçün uzunmüddətli mühəndislik işləri aparılıb. Nano teksturalı struktur ekranın qatlanan hissəsində yaranan fiziki deformasiyanın görüntüyə təsirini azaltmağa kömək edir.

Örtük dəyişdirilə biləcək

Yeni texnologiyanın diqqətçəkən xüsusiyyətlərindən biri isə qoruyucu qatın dəyişdirilə bilməsidir. Yəni zamanla örtük köhnəldikdə və ya qatlanma izi daha nəzərəçarpan olduqda bütün ekranı dəyişdirmək əvəzinə yalnız həmin qat yenilənə bilər.

AppleCare+ istifadəçiləri üçün bu xidmətin qiyməti 19 dollar olaraq göstərilir. Zəmanət və sığorta kapsamından kənar dəyişikliklərin qiyməti ilə bağlı isə hələlik dəqiq məlumat açıqlanmayıb.

Örtüyün istifadəçi tərəfindən ev şəraitində dəyişdirilib-dəyişdirilə bilməyəcəyi də hələ məlum deyil. Apple prosesin peşəkar servis tələb edib-etmədiyi barədə ətraflı məlumat verməyib.

Yeni yanaşma qatlanan ekranların uzunmüddətli istifadəsində yaranan estetik problemlərin azaldılması baxımından diqqət çəkir.