Bu gün 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün müəllimlərin cəmiyyətdəki roluna diqqət çəkmək, onların əməyini və fədakarlığını qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllim yalnız bilik ötürən deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün və gələcəyə baxışının formalaşmasında mühüm rol oynayan şəxsdir.
Bəs Azərbaycanda müəllim nüfuzunun daha da artırılması üçün hansı addımlar atılmalıdır?
Azərbaycanda müəllim nüfuzunun artırılması istiqamətində bir sıra amillərin nəzərə alınması vacibdir.
Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlamasında bildirib ki, müəllimə yalnız dərs deyən şəxs kimi deyil, cəmiyyətin gələcəyini formalaşdıran əsas peşə sahiblərindən biri kimi yanaşılmalıdır.
Ekspertin sözlərinə görə, müəllimlərin sosial və maddi təminatının daha da yaxşılaşdırılması ilə yanaşı, onların peşəkar fəaliyyətinə hörmət və etimad da artırılmalıdır:
“Üzərinə düşən qeyri-pedaqoji yük azaldılmalı, təhsil prosesində müəllimlərin fikir və təşəbbüslərinə daha çox yer verilməlidir. Müəllim öz peşəsini layiqincə yerinə yetirməsi üçün həm maddi, həm də mənəvi baxımdan dəstəklənməlidir”.
Ş.Qocayev qeyd edib ki, müəllim nüfuzunun formalaşmasında məktəb rəhbərliyi, valideynlər və bütövlükdə cəmiyyətin də böyük məsuliyyəti var:
“Peşəkar və vicdanlı müəllimin əməyini qiymətləndirmək, onun nüfuzunu qorumaq və uğurlarını cəmiyyətə göstərmək lazımdır. Çünki müəllimə verilən dəyər, əslində, gələcəyimizə verilən dəyərdir”.
Zəhra Ağayeva












