"Əziz və dəyərli müəllimlər! Bir şəhid anası kimi yaxşı bilirəm ki, müəllim yalnız dərs deyən insan deyil. Müəllim övladlarımızın qəlbinə Vətən sevgisi, dövlətə sədaqət, milli dəyərlərimizə bağlılıq aşılayan böyük bir ziyalıdır".

QHT.az xəbər verir ki, bu fikirləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova 5 oktyabr-Müəllimlər Günü münasibəti ilə söyləyib.

T.Abduləlimova şəhid övladlarına xüsusi qayğı göstərən müəllimlərə təşəkkürünü bildirib:

"Bu gün Azərbaycanımızın gələcəyini yetişdirən bütün müəllimlərimizi səmimi-qəlbdən təbrik edirəm. Xüsusilə şəhid övladlarımızın əlindən tutan, onların qəlbinə toxunan, atalarının müqəddəs xatirəsini daim yaşadan müəllimlərə sonsuz təşəkkürümü bildirirəm".

Tünzalə Abduləlimova müəllimlərin əməyinə verilən dəyəri yüksək qiymətləndirib və xoş arzularını çatdırıb:

"Sizin əməyiniz gələcəyimizə qoyulan ən böyük sərmayədir. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, səbir və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Müəllimlərimizə sonsuz hörmət və ehtiramla! Müəllimlər Gününüz mübarək!"