Bədən yağının yalnız artıq çəki ilə əlaqələndirilməsi düzgün deyil. Yağ toxuması hormonların ifrazından bədən temperaturunun tənzimlənməsinə qədər bir sıra vacib funksiyaları yerinə yetirir. Buna görə də həddindən artıq yağ itirmək sağlamlıq üçün ciddi risklər yarada bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, orqanizmdə iki əsas yağ anlayışı var: qida ilə qəbul edilən yağlar və bədəndə toplanan yağ ehtiyatı. Qidalar həzm zamanı parçalanaraq orqanizmin istifadə edə biləcəyi enerji mənbələrinə çevrilir. Artıq enerji isə müəyyən hissədə bədən yağı kimi saxlanılır.
Michigan Universitetinin endokrinologiya üzrə mütəxəssisi Elif Oralın sözlərinə görə, yağ toxuması orqanizmdə mühüm bioloji funksiyalara malikdir. Bədən yağının həddindən artıq azalması isə hormon balansının və digər bədən funksiyalarının pozulmasına səbəb ola bilər.
Tədqiqatçı Jessica Maung da həddindən artıq kalori məhdudiyyətinin bədəndə yağ toxumasının azalmasına və nəticədə orqanların normal fəaliyyətinin pozulmasına gətirib çıxara biləcəyini qeyd edir.
Bədən yağının miqdarını müəyyənləşdirmək üçün müxtəlif üsullardan istifadə olunur. Ən ətraflı üsullardan biri DEXA müayinəsidir. Bu üsulla yağ, əzələ və sümük kütləsini ayrı-ayrılıqda qiymətləndirmək mümkündür. Daha sadə üsullardan biri isə xüsusi cihazla dərialtı yağ qatının qalınlığının ölçülməsidir.
Mütəxəssislər vurğulayırlar ki, sağlam qalmaq üçün məqsəd bədən yağını mümkün qədər azaltmaq deyil, orqanizmin normal fəaliyyətini təmin edən sağlam səviyyəni qorumaqdır.
Zəhra Mansırova












