Bildiyimiz kimi, gənclik hər bir dövlətin gələcəyini müəyyən edən əsas qüvvələrdəndir. Bu baxımdan həm fəal gənc, həm də Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) rəhbəri kimi hesab edirəm ki, müasir gənc yalnız bilik əldə edən deyil, eyni zamanda məsuliyyətli, Vətənə və cəmiyyətə fayda verməyə çalışan şəxs olmalıdır.
Dünyada gedən prosesləri izləmək, müasir texnologiyalardan yararlanmaq, xarici dilləri öyrənmək və yeni biliklərə yiyələnmək gənclərimizin rəqabət qabiliyyətini artırır.
Azərbaycan gəncliyinin ən mühüm xüsusiyyətlərindən biri Vətənə bağlılıq və milli-mənəvi dəyərlərə sədaqətdir. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, qanunlara hörmət, tariximizə və mədəni irsimizə sahib çıxmaq, əldə olunan nailiyyətləri gələcək nəsillərə ötürmək deməkdir.
44 günlük Vətən müharibəsi gəncliyimizin Vətən qarşısında necə böyük iradə və fədakarlığa sahib olduğunu göstərdi. Müxtəlif bölgələrdən olan gənclər bir amal ətrafında birləşərək Vətənin müdafiəsinə qalxdılar. Bu hadisələr gənc nəslin yaddaşında milli həmrəylik və vətəndaş məsuliyyətinin nümunəsi kimi qalmalıdır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri həmin ruhu sülh və quruculuq dövrünün tələblərinə uyğun şəkildə davam etdirməkdir. Gənclər artıq yalnız döyüş meydanında deyil, elm, təhsil, texnologiya, sahibkarlıq, mədəniyyət, idman və ictimai fəaliyyət sahələrində də öz sözlərini deməlidirlər.
Xüsusilə təhsil məsələsi gəncliyin inkişafında mühüm yer tutur. Savadsız və dünyagörüşü məhdud cəmiyyətin davamlı inkişafdan danışması mümkün deyil. Buna görə də hər bir gənc öz üzərində işləməli, müasir biliklərə yiyələnməli, peşə bacarıqlarını artırmalı və daim yenilik axtarışında olmalıdır.
Rəqəmsal əsrdə informasiya savadlılığı da xüsusi əhəmiyyət daşıyır. Sosial şəbəkələr gənclər üçün böyük imkanlar yaratmaqla yanaşı, informasiya çirklənməsi və yanlış məlumatlarla bağlı risklər də yaradır. Gənc informasiyanı qəbul etməzdən əvvəl onun mənbəyini araşdırmağı, düzgün məlumatı yanlış məlumatdan ayırd etməyi bacarmalıdır.
İctimai fəallıq da müasir gəncliyin inkişafının vacib istiqamətlərindəndir. Gənclər ictimai birliklərdə, könüllülük proqramlarında, sosial layihələrdə iştirak etməklə həm öz bacarıqlarını inkişaf etdirir, həm də cəmiyyətə fayda verirlər.
Bizim üçün vətənpərvərliklə maarifçilik bir-birini tamamlayan anlayışlardır. Tarixini bilən, dövlətçilik ənənələrinə hörmət edən, müasir dünyagörüşünə sahib olan gənc ölkəsinin gələcəyinə daha böyük töhfə verə bilər.
Azərbaycan gəncliyinin qarşısında böyük imkanlarla yanaşı, ciddi məsuliyyət də dayanır. Bu məsuliyyət dövlətimizin inkişafına layiqli töhfə vermək, milli dəyərlərimizi qorumaq, bilik və bacarıqlarımızı artırmaq, eləcə də gələcək nəsillər üçün daha güclü Azərbaycan qurmaq məsuliyyətidir.
İnanırıq ki, bu günün savadlı, vətənpərvər, fəal və məsuliyyətli gənci Azərbaycanın sabahının əsas dayağı olacaq. Gəncliyə göstərilən etimad yalnız bu günün deyil, gələcəyin inkişafına qoyulan sərmayədir.
Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gələcəyi qurmaq isə hər bir gəncin biliyindən, əzmkarlığından, vətəndaş mövqeyindən və Vətənə bağlılığından başlayır.
Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) sədri Aysunay Həsənova












