2026-cı ilin qəbul nəticələrinə əsasən, Basarkeçər kökənli məzunlar ali təhsilə qəbul göstəriciləri ilə diqqət çəkiblər. Belə ki, bu il Basarkeçər kökənli 347 abituriyent ölkə daxilində və xaricdə yerləşən müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. 4 oktyabr tarixində keçirilən geniş tərkibli bu görüşdə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, Basarkeçər rayonundan olan gənclər, onların valideynləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Basarkeçər rayonu Gənclər şuranın sədri və Böyük Məzrə kəndinin icma sədri Aynur Rüstəmova bildirib ki, hər il ali məktəblərə qəbul olunan tələbələrlə belə görüşlər keçirilir.
Qeyd etmək istərdim ki,qəbul olunanların 181 nəfəri oğlan, 166 nəfəri isə qızdır. Bu ilki tələbələrimizdən 39-u ali təhsilini xarici ölkələrdə davam etdirəcək. Digər gənclərimiz Azərbaycanda müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alacaqlar. Onların arasında tibb, hüquq, dövlət idarəçiliyi, pedaqoji ixtisaslar, mühəndislik və digər ixtisaslar vardır.
Aynur Rüstəmova onu da əlavə etdi: ”Basarkeçər rayonu üzrə ən yüksək nəticə isə Böyük Məzrə kəndindən olan Niftəliyeva Ayan Ceyhun qızına məxsusdur. Vətən müharibəsi şəhidi Niftəliyev Ceyhunun qızı olan Ayan 676 bal toplayıb. Bütün gənc tələbələrimizi təbrik edirik”.
Qeyd edək ki, Göyçə Mahalının Basarkeçər rayonundan olan ən yaşlı tələbənin 58 yaşı var. Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən olan, 1968-ci il təvəllüdlü Elbrus Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub. Basarkeçər kökənli 347 gəncin ali məktəblərə qəbul olunması yalnız statistik göstərici deyil. Bu nəticə ailələrin təhsilə verdiyi dəyərin, gənclərin məqsəd və əzminin, müəllimlərin zəhmətinin göstəricisidir.
Bu uğurlar eyni zamanda Qərbi Azərbaycan irsinin yaşadılması, milli yaddaşın qorunması və gələcək nəsillərin formalaşmasında təhsilin mühüm rolunu bir daha ortaya qoyur.
Ali məktəblərə qəbul olunan bütün gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edir, hər birinə təhsil və həyat yollarında uğurlar arzulayırıq!
347 gəncin uğuru – bir elin təhsilə, gələcəyə və inama verdiyi dəyərin göstəricisidir.












