Zambiya ABŞ ilə beşillik, 1,5 milyard dollar dəyərində səhiyyə maliyyələşdirilməsi üzrə razılaşma imzalamağa hazırlaşır. Razılaşmanın ABŞ-nin Zambiyanın kritik minerallarına çıxış əldə etmək cəhdlərindən ayrıldığı bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, tərəflər arasında razılaşma bir neçə ay davam edən fikir ayrılığından sonra əldə olunub. Zambiya daha əvvəl ABŞ-nin səhiyyə maliyyələşdirilməsini ölkənin mədən sektoruna çıxış tələbi ilə əlaqələndirməsinə etiraz etmişdi.
May ayında Zambiyanın xarici işlər naziri Mulambo Haimbe ABŞ-nin əvvəlki 1 milyard dollarlıq maliyyə paketini mədən sahəsində güzəştlər tələb edən razılaşma ilə əlaqələndirdiyini bildirmişdi.
ABŞ-ın Zambiyadakı səfirliyi 2025-ci ilin dekabrında səhiyyə sahəsində beşillik tərəfdaşlığın mədən sektorunda əməkdaşlıq və biznes islahatlarından asılı olduğunu təsdiqləmişdi.
Yeni razılaşma səhiyyə maliyyələşdirilməsini mineral ehtiyatlara çıxış məsələsindən ayıraraq Zambiyanın səhiyyə sisteminə beş il ərzində 1,5 milyard dollar dəstək göstərilməsini nəzərdə tutur.












