Gəncliyə Yardım Fondunun ev sahibliyində, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı beynəlxalq konfrans keçirilir.

QHT.az xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə Türk Dövlətləri Təşkilatının regionda və dünyada artan əhəmiyyətindən, Azərbaycan ilə türk dövlətləri arasında əlaqələrin inkişafından danışıb.

Vüqar Rəhimzadə bildirib ki, tədbirdə səsləndirilən fikirlər yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də örnək əhəmiyyəti daşıyır. Onun sözlərinə görə, Qarabağ zəfəri və Türk Dövlətləri Təşkilatının fəaliyyəti region və dünya üçün mühüm hadisələrdəndir.

Deputat Türk Dövlətləri Təşkilatının formalaşmasında Naxçıvanın xüsusi rolunu vurğulayıb. O qeyd edib ki, 1992-ci ildə Ümid körpüsünün açılışı Azərbaycan-Türkiyə əlaqələrinin qurulmasına və inkişafına mühüm töhfə verib.

Vüqar Rəhimzadə xatırladıb ki, körpünün açılışı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə baş tutub.

Deputat 2009-cu ildə Türk Dövlətləri Təşkilatının məhz Naxçıvanda təsis edilməsinin türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olduğunu bildirib.

O, Azərbaycanın yalnız Türkiyə ilə deyil, digər türk dövlətləri və Mərkəzi Asiya respublikaları ilə münasibətlərə də xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə müntəzəm səfərlərinin, eləcə də həmin dövlətlərin rəhbərlərinin Azərbaycana səfərlərinin qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Deputat çıxışında dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

“Bu birliyin daha da möhkəmlənməsi bizim üçün vacib hədəflərdən biridir. Dünyada gedən mürəkkəb siyasi proseslər fonunda Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyimizin daha da gücləndirilməsi zəruridir”, – deyə Vüqar Rəhimzadə bildirib.