Aralıq dənizində miqrantları xilas edən gəmilərin və dəniz yolu ilə Avropaya keçməyə çalışan insanların Liviyaya bağlı qruplar tərəfindən artan təhdid və təzyiqlərlə üzləşdiyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə xilasetmə və humanitar fəaliyyətlə məşğul olan SOS Méditerranée təşkilatı məlumat yayıb. Təşkilatın açıqlamasına görə, Mərkəzi Aralıq dənizi getdikcə daha “düşmən” mühitə çevrilir. Qrup bu vəziyyətin Avropanın miqrasiyanın qarşısını almaq məqsədilə Liviyadakı aktorlarla əməkdaşlığının genişlənməsi fonunda daha da gücləndiyini bildirir.

SOS Méditerranée-nin məlumatına görə, yalnız iyun və iyul aylarında ən azı yeddi hadisədə Liviyalı aktorlarla əlaqəli olduğu bildirilən qayıqlar xilasetmə gəmilərinə yüksək sürətlə yaxınlaşıb və ya onları saatlarla izləyib. Təşkilat bəzi hallarda təqibin beynəlxalq sulara qədər davam etdiyini açıqlayıb.

Təşkilatın sözlərinə görə, Aralıq dənizində miqrantların xilas edilməsi ilə məşğul olan gəmilər üçün təhlükəsizliklə bağlı risklər artır.

Beynəlxalq Miqrasiya Təşkilatı da avqust ayında Aralıq dənizində miqrant ölümlərinin artdığını açıqlamışdı. Təşkilata görə, Avropanın sərtləşən miqrasiya siyasətləri fonunda dəniz yolu ilə keçid etməyə çalışan insanların sayında azalma müşahidə olunub.