“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Bişkekdə keçirilən zirvə toplantısında iştirak etməsi və bir çox səmərəli, vacib və tarixi görüşlər keçirməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir”.

Bu sözləri Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib.

R.Zeyninin sözlərinə görə, Ermənistan, Hindistan, İran və digər dövlətlərin rəhbərləri ilə keçirilən görüşlər strateji baxımdan mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və digər dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Rauf Zeyni bildirib ki, xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanla sülh gündəliyi, demarkasiya məsələləri, sülh prosesinin yekunlaşdırılması və TRIPP layihəsinin sürətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi strateji baxımdan vacibdir.

Onun sözlərinə görə, bu görüşlər Azərbaycanın və regionun gələcək inkişafına mühüm təsir göstərə bilər:

“Təbii ki, bu müzakirələr ölkəmizin bundan sonrakı inkişafına, regionun gələcək inkişafına və xüsusilə qlobal kommunikasiyaların taleyinin həll olunmasına və onların sürətləndirilməsinə çox böyük təsir göstərəcək, böyük töhfə verəcək”.

Sədr vurğulayıb ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi iştiraka dəvət olunması ölkənin artan nüfuzunun göstəricisidir:

“Ümumiyyətlə, biz Şanxay Əməkdaşlıq Təşkilatında hələ üzv deyilik. Müşahidəçi kimi dəvət olunmağımız Azərbaycanın və Azərbaycan Prezidentinin şəxsi nüfuzundan xəbər verir. Çünki bu gün Azərbaycan Qafqaz ölkəsi olmasına baxmayaraq, həm Mərkəzi Asiya coğrafiyasında, ümumiyyətlə, Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında çox böyük əhəmiyyət kəsb edir, strateji əhəmiyyətə və nüfuza malikdir”.

R.Zeyni qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması məqsədyönlü xarici siyasətin nəticəsidir:

“Ölkəmiz getdikcə beynəlxalq nüfuzunu artırır. Təbii ki, bunun da çox vacib faktorları, çox vacib amilləri var. Ona görə də belə balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü siyasətin aparılması vacibdir. Mən hər zaman demişəm ki, ölkə Prezidenti milli, bəşəri və mütərəqqi bir xarici siyasət modeli tətbiq edir. Bu model də, əlbəttə ki, ilbəil, aydan-aya və gündən-günə Azərbaycanın inkişafına öz müsbət təsirini göstərir”.

Rauf Zeyni beynəlxalq görüşlərin, o cümlədən qısa təmasların da əhəmiyyətli olduğunu bildirib:

“Düşünürəm ki, orada keçirilən görüşlər də çox vacib görüşlərdir. Hətta ayaqüstü görüşlər də qısa müddətdə olmasına baxmayaraq, böyük əhəmiyyət kəsb edir”.

Sədr bildirib ki, dünyada və regionda gedən proseslər milli maraqların qorunmasına xüsusi diqqət tələb edir:

“Çünki dünyada gedən proseslər, regionda olan gərginlik bir daha məsələlərə diqqətli və həssas yanaşmağa məcbur edir. Biz də bütün mənalarda milli maraqlarımızı qorumaq məqsədilə regionda gedən prosesləri diqqətlə izləməliyik ki, bizə qarşı olan zərərli təhdidlərin və ziyanlı hücumların qarşısını vaxtında ala bilək”.

R.Zeyni beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin vacibliyini vurğulayıb:

“Bu cür beynəlxalq təşkilatlarda iştirak etmək, təmsil olunmaq və ölkəmizin milli maraqlarını müdafiə etmək, əlbəttə ki, bizi düşündürür və sevindirir. Biz 2020-ci ildə bir səngərdə, bir xalq olaraq, dünya azərbaycanlıları olaraq bir yumruq kimi birləşmişiksə, bundan sonra da o birliyə sadiq qalmalı və onu qoruyub saxlamalıyıq ki, bütün beynəlxalq tribunalarda Azərbaycan xalqının, millətimizin və dövlətimizin maraqlarını yüksək səviyyədə müdafiə edə bilək”.

Rauf Zeyni Ermənistanın Baş naziri ilə görüşdə parlamentlərarası və vətəndaş cəmiyyəti əlaqələrinin inkişaf etdirilməsinin müzakirə olunduğunu bildirib:

“Əvvəl olaraq onu deyim ki, Ermənistanın Baş naziri ilə müzakirələr zamanı həm parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin sülh platforması çərçivəsində daha intensiv görüşlərinin keçirilməsi müzakirə olunub”.

Sədr qeyd edib ki, Ermənistan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq vacibdir:

“Bunu dəfələrlə bu müzakirələrdə biz də qeyd etmişik ki, Ermənistan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək çox vacibdir, əhəmiyyətlidir. Ancaq birinci növbədə Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri, Ermənistan qeyri-hökumət təşkilatları 30 il müddətində bu işğala, bu soyqırıma, bu terrora, Azərbaycana qarşı həyata keçirilən siyasətə öz etirazlarını bildirməyiblər”.

R.Zeyni Ermənistan QHT-lərinin keçmişə münasibət bildirən bəyanatlar verməsinin vacibliyini vurğulayıb:

“Onlar mütləq, xüsusilə də görüşlərdə iştirak edən qeyri-hökumət təşkilatları hansısa formada müraciət və ya bəyanat qəbul etməlidirlər ki, onlar Azərbaycana qarşı 30 il ərzində həyata keçirilən soyqırım, terror və işğalçılıq siyasətini qəbul etməyiblər”.

Rauf Zeyni Ermənistan QHT-lərinin mövqelərini açıq şəkildə ifadə etməsinin qarşılıqlı etimad üçün əhəmiyyətli olduğunu bildirib:

“Sadəcə, onların vaxtında bəyan edə bilməmələri Sarkisyan rejiminin ucbatından olub, bu, başqa məsələdir. Biz beynəlxalq tədbirlərdə də onlarla söhbət edəndə, onlar bunu etiraf edirdilər. Buyursunlar, müraciət qəbul etsinlər ki, Azərbaycan ictimaiyyəti də onların səmimiyyətinə inansın”.

Fatimə Nəbiyeva