Bakı gündən-günə böyüyür, əhalinin sayı artır, şəhərin küçələrində, yaşayış massivlərində, ticarət və xidmət obyektlərində gündəlik həyatın tempi surətlənir. Lakin şəhərin inkişafı ilə paralel olaraq başqa bir problem də böyüyür-tullantıların yaranması və onların düzgün idarə olunması!
Tullantı deyəndə ilk növbədə gözümüzün qarşısına küçələrdəki məişət zibilləri, plastik qablar, polietilen torbalar, tikinti qalıqları və müxtəlif məişət əşyaları gəlir.
Lakin məsələ bununla bitmir. Şəhər həyatının müxtəlif sahələrində yaranan tullantıların bir hissəsi düzgün toplanmadıqda, daşınmadıqda və zərərsizləşdirilmədikdə ətraf mühit üçün əlavə təhlükə yaradır.
Bakıda tullantıların idarə olunması yalnız zibillərin küçədən yığılması məsələsi kimi qiymətləndirilməməlidir. Burada əsas məsələ tullantıların yaranmasından başlayaraq onun çeşidlənməsi, toplanması, daşınması, təkrar emala yönəldilməsi və son olaraq təhlükəsiz şəkildə zərərsizləşdirilməsinə qədər bütün prosesin düzgün qurulmasıdır.
Xüsusilə plastik və digər uzun müddət parçalanmayan tullantılar ciddi narahatlıq doğurur. Küçələrə boş ərazilərə,yol kənarlarına və su hövzələrinin yaxınlığına atılan tullantılar yalnız şəhərin görünüşünü korlamır, torpağın və suyun çirklənməsinə də səbəb olur.Digər tərəfdən tullantıların yandırılması da yolverilməz hallardan biridir. Tullantını sadəcə yox etmək məqsədilə açıq ərazidə yandırmaq problemin həlli deyil. Əksinə, belə hallarda müxtəlif zərərli maddələr ətraf mühitə yayıla və insanların sağlamlığı üçün risk yarada bilər. Bu səbəbdən Bakı şəhərində tullantıların idarə olunmasına münasibət dəyişməlidir.
Hər bir vətəndaş bilməlidir ki, tullantının hara atılması, neçə çeşidlənməsi və necə idarə olunması yalnız kommunal xidmıtlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Şəhərin təmizliyi onun mədəniyyətinin göstəricisidir. Küçələri təmiz saxlamaq vacibdir, bundan daha vacibi tullantının yaranmasının qarşısını almaq, onu azaltmaq və mümkün qədər təkrar istifadəyə və emala yönəltməkdir.
Tullantı yalnız atılan bir əşya deyil. O,düzgün idarə olunmadıqda torpağı, suyu və havanı çirkləndirən, insan sağlamlığına və gələcək nəsillərə təsir edən cidi ekoloji problemə şevrilir.
Buna görə tullantıya sadəcə”zibil”kimi deyil, düzgün idarə edilməli olan ekoloji məsələ kimi yanaşmalıyıq. Çünki bu gün atdığımız hər bir tullantının sabah təbiətə və öz həyatımıza mənfi təsiri ola bilər.
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












