"Azərbaycan və digər Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurası artıq yavaş-yavaş dünya miqyasında da oturuşmuş bir format kimi qarşılanır. Çünki bir yandan Qafqaz, digər yandan isə Mərkəzi Asiya artıq, demək olar ki, vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırıb. Təbii ki, bu proses belə deyək də, sabit axar nəticəsində deyil, oturuşmuş fəaliyyət nəticəsində artıq ərsəyə gəldi və bunun da əsas hərəkətverici qüvvəsi Azərbaycan idi. Azərbaycan dövlətinin vacib istiqamətlərdə özünün fəallığı, sonra nəqliyyat-kommunikasiya şəbəkəsinin yaradılması, digər tərəfdən enerji daşıyıcılarının artıq nəqli, yəni son dərəcə oturuşmuş bir infrastrukturun formalaşması artıq belə bir reallıq yaratdı ki, fəaliyyətdə olan şəbəkəyə əlavələrin də gəlməsi qaçılmaz oldu".

Bu fikirləri politoloq Tofiq Abbasov QHT.az-a açıqlamaslnda bildirib.

T.Abbasovun sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid region kimi qəbul edilməsində Azərbaycanın xüsusi rolu var: Bu istiqamətdə, əlbəttə ki, indi dünya çapında hətta beyin mərkəzləri, sonra araşdırma qurumları Cənubi Qafqazla Mərkəzi Asiyanı bir vahid bölgə kimi qəbul edirlər. Və burada yenə də mən deyərdim ki, Azərbaycan dövlətinin özünün xüsusi rolu, yəni əlahiddə rolu və Prezident İlham Əliyevin diplomatiyası həqiqətən də aparıcı rol oynadı. Çünki vacib bir tezisi bu yaxınlarda Prezident səsləndirdi ki, biz qonşularımızla və sonra isə qonşularımızın qonşuları ilə münasibətlər qurmağa həmişə hazır olduğumuzu bildirmişik və bu, son dərəcə vacib bir imperativdir.

Tofiq Abbasov bildirib ki, region ölkələrinin iqtisadi və nəqliyyat əlaqələrində bir-birinə arxalanması zəruridir: Çünki bizim dövlətlərin açıq dənizlərə, okeanlara çıxışı olmadığından biz beynəlxalq daşımalarda, iqtisadi münasibətlərin inkişafında, sonra mal dövriyyəsinin artımında yalnız və yalnız bir-birimizə arxalanmalıyıq. Və bu baxımdan da artıq zəncirvari proses yaranır və onun halqaları hamısı gərək bir-birini tamamlasın.

Politoloq vurğulayıb ki, Azərbaycan tranzit imkanlarından əlavə, ölkə daxilində emal proseslərini də genişləndirə bilər: Və burada əsas məsələlərdən biri sırf Azərbaycan üçün ondan ibarətdir ki, biz daşımalardan, əlbəttə ki, istifadə edirik. Sonra həcmlər getdikcə artır. Amma bizim üzərimizdən keçən mallar da var ki, onları biz özümüz də idxal etməklə, dərin emal prosesinə cəlb etməklə ölkəmizin də qazanclarını, mənafelərini artıra bilərik. Və bu, əlbəttə ki, qarşılıqlı şəkildə həllini tapacaq məsələdir.

T.Abbasovun sözlərinə görə, Qarabağ probleminin həlli regiondakı böyük proseslərin qarşısında duran maneəni aradan qaldırıb: Hesab edirəm ki, təbii ki, bu istiqamətdə həqiqətən də bizim dövlətlər bir-birlərini tamamlayırlar. Biz yenə yaddan çıxarmayaq ki, vaxtilə Qarabağ münaqişəsinin asılı vəziyyətdə olması, demək olar ki, böyük prosesin qarşısını alırdı, yəni özünəməxsus əyləc rolunu oynayırdı. Və məhz Prezident İlham Əliyevin qətiyyəti səviyyəsində biz Qarabağ problemini həll etdik. Sonra ölkəmizin tam suverenliyini bərpa etdik və eləcə də bütün dünyaya bəyan etdik ki, biz heç bir qaydaları pozmamışıq. Beynəlxalq hüquq çərçivəsində qalaraq öz məsələlərimizin həllini tapmışıq.

Tofiq Abbasov qeyd edib ki, Azərbaycanın qələbəsi Mərkəzi Asiya ölkələrində də fəallığın artmasına impuls verib: Bu artıq həm bizə, həm də qonşularımıza əminlik gətirdi, digər tərəfdən də təhlükəsizliyimizin yeni müstəviyə çıxmasını qaçılmaz etdi. Ona görə də bizim qələbəmizdən sonra, demək olar ki, Mərkəzi Asiya ölkələri də özünəməxsus fəallıq impulsu aldılar və onu adekvat şəkildə, demək olar ki, anladılar, realizə etməyə başladılar.

Politoloq bildirib ki, regional çağırışlara operativ cavab vermək üçün dövlət rəhbərləri arasında siyasi dialoq və koordinasiya gücləndirilməlidir: Hesab edirəm ki, bax bu proseslərdə, əlbəttə ki, indi biz mütləq şəkildə dövlət rəhbərlərinin, ilk növbədə, siyasi dialoqu inkişaf etdirməli olduqlarını düşünürük. Onların vaxtaşırı görüşlərinə və görüşlərin tezliyinin artmasına böyük ehtiyac var. Çünki məsələlər tez-tez cərəyan edir. Sonra yeni çağırışlar üzə çıxır, yeni təhdidlər olur, risklər olur. Onları birinci neytrallaşdırmaqdan ötrü və sonra isə artıq yeni imkanlardan istifadə etməkdən ötrü mütləq şəkildə dəqiq koordinasiya lazımdır və eləcə də həmrəylik, yəni kollektiv iş mütləqdir.

T.Abbasovun sözlərinə görə, region dövlətlərinin rəhbərləri arasında yüksək səviyyəli etimad əməkdaşlığın genişləndirilməsi üçün mühüm amildir: Hesab edirəm ki, bax bu istiqamətdə, demək olar ki, bizim dövlət rəhbərlərimizin arasında çox yüksək səviyyəli etimad amili var. Onlar bir-birlərinə inanırlar, bir-birlərinə arxalanırlar və eləcə də bir-birlərini tamamlayırlar. Odur ki, bax bu istiqamətlərdə təbii ki, bütün o sahələr ki, hələ bizim əməkdaşlıq tellərimizdə əhatə olunmayıb, onları da proseslərə cəlb etmək lazımdır.

Tofiq Abbasov bildirib ki, informasiya-kommunikasiya texnologiyaları, yaşıl energetika və nəqliyyat infrastrukturu üzrə əməkdaşlıq genişləndirilməlidir: Burada ilk növbədə informasiya-kommunikasiya texnologiyalarıdır, sonra yaşıl energetikadır, sonra fiber-optik xətlərin inkişafıdır, şaxələnməsidir və nəhayət, ümumiyyətlə, bütün sahələrə aid diversifikasiya imkanlarıdır. Çünki Mərkəzi Asiyadan bizə doğru cəmi indi bir xətt işləyir. Yəni Türkmənbaşı və Bakı. Amma indi ikinci variantın da çəkilməsi, demək olar ki, gündəmdədir. Qırğızıstan, Özbəkistan artıq Türkmənistanla birlikdə yerüstü ikinci xətti də dəmir yolu vasitəsilə çəkəcəklər ki, buna da böyük ehtiyac var.

Politoloq vurğulayıb ki, artan beynəlxalq yük həcmlərinin qarşılanması üçün Azərbaycanın logistika və emal imkanlarını genişləndirməsi vacibdir: Çünki getdikcə beynəlxalq daşımalarda həcmlər artacaq və onları mütləq şəkildə biz gərək qəbul etməyə və emal etməyə hazır olaq. Və bu baxımdan da Azərbaycan yenə də, demək olar ki, pioner rolunu oynayaraq çox gözəl modellər tətbiq edir və onların da yaradılması heç kəsdə şübhə doğurmur.

Fatimə Nəbiyeva