“Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın lider dövləti, eyni zamanda, Türk dünyasının aparıcı ölkələrindən biri kimi beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə malikdir. Ölkəmizin son illərdə qazandığı uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü və milli maraqlara söykənən siyasət dayanır. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, regional mövqelərinin möhkəmlənməsinə və Türk dünyasının inteqrasiya proseslərinə verdiyi töhfələrin genişlənməsinə şərait yaradıb”.
Bunu “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
O, bildirib ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiya ilə münasibətlərin inkişafında da fəal və mühüm tərəf kimi çıxış edir. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə strateji xarakter alan çoxşaxəli əməkdaşlığı siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər istiqamətləri əhatə edir. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsidir.
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı ölkəmizin regionla əlaqələrə verdiyi strateji əhəmiyyətin mühüm göstəricisidir. Azərbaycan bu format çərçivəsində də uğurlu əməkdaşlıq modeli formalaşdırır. Bu əməkdaşlıq təkcə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin inkişafına xidmət etmir. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya ilə Türkiyə arasında mühüm körpü rolunu oynayır. Azərbaycanın coğrafi mövqeyi, iqtisadi imkanları, nəqliyyat və logistika layihələrində fəal iştirakı bu rolu daha da gücləndirir”, – deyə siyasi şərhçi vurğulayıb.
N.Azəri qeyd edib ki, məhz bu fonda oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü xüsusi əhəmiyyət daşıyır: “Sözügedən görüşdə Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcəyinin rəsmi elan olunması mühüm hadisədir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıqda artan rolunun və ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycan müxtəlif beynəlxalq və regional təşkilatlara uğurlu şəkildə sədrlik edib, bu istiqamətdə zəngin təcrübəyə malikdir. Ona görə də əminliklə demək olar ki, Azərbaycanın bu formata sədrliyi də mühüm qərarlar, tarixi addımlar və əməkdaşlıq prinsiplərinin daha da genişləndirilməsi ilə yadda qalacaq”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın sədrliyi yalnız təşkilati baxımdan deyil, Mərkəzi Asiya ilə Azərbaycan arasında mövcud əlaqələrin yeni məzmunla zənginləşdirilməsi baxımından da əhəmiyyətlidir: “Burada söhbət yalnız siyasi dialoqdan getmir. Qarşıdakı mərhələdə ticarət, investisiya, nəqliyyat-logistika, enerji, turizm, humanitar əlaqələr və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan bu prosesdə öz imkanları ilə yanaşı, Mərkəzi Asiyanın Avropa və Türkiyə istiqamətində əlaqələrinin inkişafına da mühüm töhfə verə bilər”.
O, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın 2027-ci il sədrliyinə münasibətini də yüksək qiymətləndirib. Nadir Azəri bildirib ki, Sadır Japarovun Azərbaycan Prezidenti İlham Əliyevi ilk sədrliyi qəbul etməsi münasibətilə təbrik etməsi və Azərbaycanın sədrliyinin birgə işə, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini vurğulaması ölkəmizə olan etimadın daha bir ifadəsidir.
Fatimə Nəbiyeva












