"Sumqayıt şəhərində məktəblilər arasında baş verən bıçaqlanma hadisəsi yeniyetmələr arasında aqressiya və zorakılığın qarşısının alınması məsələsini bir daha gündəmə gətirir. Belə hadisələrə yalnız “yeniyetmələrin dalaşması” kimi yanaşmaq düzgün deyil. Çünki bəzən adi görünən münaqişənin arxasında uzun müddət yığılan aqressiya, emosional gərginlik, ailədaxili problemlər, məktəb mühiti və ya sosial təsirlər dayana bilər".

Bu fikirləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib.

F.Hacıbəylinin sözlərinə görə, yeniyetməni aqressiv davranışa sövq edən psixoloji və sosial amillər müxtəlifdir: Psixoloji baxımdan yeniyetməni aqressiv davranışa sövq edən amillər müxtəlifdir. Ailədə davamlı konflikt və diqqətsizlik, valideyn nəzarətinin zəif olması, özünü ifadə edə bilməmək, emosiyalarını idarə etməkdə çətinlik, həmyaşıdlarının təsiri, bullinq, təhqir olunmaq, qəbul edilməmək hissi və sosial şəbəkələrdə zorakılığın normallaşdırılması əsas risk faktorlarından ola bilər. Bəzi yeniyetmələr isə yaşadıqları qorxu və güvənsizliyi aqressiya ilə ört-basdır etməyə çalışırlar.

Fatimə Hacıbəyli bildirib ki, yeniyetmənin davranışındakı müəyyən dəyişikliklər aqressiya və münaqişə riskindən xəbər verə bilər: Münaqişə və aqressiyanın əvvəlcədən müəyyən edilməsi üçün valideynlər və müəllimlər uşağın davranışındakı dəyişikliklərə diqqətlə yanaşmalıdırlar. Ani əsəbilik, tez-tez dava salmaq, təhdid etmək, məktəbə getmək istəməmək, həmyaşıdlarından uzaqlaşmaq, davamlı qəzəb, intiqam haqqında danışmaq, zorakılığa marağın artması və “mənə toxunsalar, cavabını verəcəyəm” kimi ifadələrin çoxalması ciddi siqnallar hesab oluna bilər.

O vurğulayıb ki, uşağı “problemli” və ya “aqressiv uşaq” kimi damğalamaq əvəzinə onun davranışının səbəbini anlamağa çalışmaq lazımdır: Burada ən vacib məqam uşağı dərhal “problemli” və ya “aqressiv uşaq” kimi damğalamaq deyil. Əksinə, onun davranışının səbəbini anlamağa çalışmaq lazımdır. Yeniyetmə özünü eşidilmiş və başa düşülmüş hiss etməlidir.
Adi mübahisələrin fiziki zorakılığa çevrilməməsi üçün ilk növbədə uşaqlara konfliktin həlli və emosiyaların idarə olunması bacarıqları öyrədilməlidir.

F.Hacıbəylinin sözlərinə görə, yeniyetmələrin təhlükəsizliyinin təmin olunmasında valideyn, müəllim və psixoloq əməkdaşlığı mühüm rol oynayır: Valideyn, müəllim və psixoloq arasında əməkdaşlıq gücləndirilməli, məktəblərdə bullinq və zorakılıqla bağlı maarifləndirici işlər sistemli aparılmalıdır. Uşaq təhdid aldığını, təhqir olunduğunu və ya kiminsə ona qarşı zor tətbiq edə biləcəyini bildirirsə, bu məlumat “uşaqlar arasında adi məsələdir” deyə qiymətləndirilməməlidir.
Xüsusilə yeniyetmənin bıçaq və digər təhlükəli əşyalara çıxışının qarşısının alınması, ciddi təhdidlərin vaxtında böyüklərə bildirilməsi və riskli vəziyyətlərdə dərhal müdaxilə edilməsi vacibdir.

Fatimə Hacıbəyli qeyd edib ki, zorakılığın qarşısının alınmasında əsas məqsəd təhlükəli siqnalları vaxtında müəyyən etmək və yeniyetməyə düzgün dəstək göstərməkdir: Unutmamalıyıq ki, zorakılığın qarşısını yalnız hadisə baş verdikdən sonra almaq mümkün deyil. Əsas məqsəd hadisəyə gətirib çıxaran siqnalları vaxtında görmək, yeniyetməni dinləmək və ona düzgün dəstək göstərməkdir. Uşaqların aqressiyasını cəzalandırmaqdan əvvəl onun səbəbini anlamaq, onlara problemləri zorakılıqla deyil, danışaraq və sağlam yollarla həll etməyi öyrətmək cəmiyyət olaraq ən mühüm vəzifələrimizdən biridir.

Fatimə Nəbiyeva