Nyu-York Baş prokurorluğunun məhkəməyə təqdim etdiyi sənədlərə görə, TikTok təhlükəsizlik funksiyalarını sınaqdan keçirərkən minlərlə istifadəçiyə, o cümlədən uşaqlara və yeniyetmələrə işləməyən versiyalar təqdim edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, istifadəçilər arzuolunmaz və zərərli məzmunlardan uzaqlaşmaq üçün nəzərdə tutulan “Algo Refresh” funksiyasını aktivləşdirdiklərini düşünsələr də, onların video lentində heç bir dəyişiklik baş verməyib.

Nyu-Yorkun baş prokuroru Letitia James şirkəti uşaqları platformadan asılı vəziyyətə salmaqda və təhlükəsizlik tədbirləri barədə istifadəçiləri yanıldmaqda ittiham edir. TikTok-a qarşı ABŞ-ın müxtəlif ştatlarında bu mövzuda 20-dən çox məhkəmə iddiası qaldırılıb.

Sənədlərdə bildirilir ki, şirkətin rəqəmsal sağlamlıq üzrə məhsul meneceri bu cür sınaqların istifadəçiləri yanılda biləcəyini qeyd edib. Buna baxmayaraq, 2023-cü ildə minlərlə istifadəçi üzərində sınaqların təkrarlandığı, onların platformada keçirdiyi vaxtın və reklam gəlirlərinə təsirin araşdırıldığı bildirilir.

TikTok nümayəndəsi isə yeni məhsul və funksiyaların mütəmadi sınaqdan keçirildiyini bildirib. O, irəli sürülən iddiaların “Algo Refresh” funksiyasının iş prinsipini düzgün əks etdirmədiyini vurğulayıb.

Məhkəmə sənədlərində təhlükəsizlik funksiyalarının söndürüldüyü başqa sınaqlardan da bəhs olunur. Həmin sınaqlardan birində iştirak edən Nyu-Yorklu yeniyetməyə özünə zərərvermə və intiharla bağlı məzmunların göstərildiyi, daha sonra isə onun intihar etdiyi qeyd olunur. Sənədlərə görə, daxili araşdırma yeniyetməyə bu mövzuda intensiv məzmun təqdim edildiyini üzə çıxarıb.

Zəhra Mansırova