"Türk coğrafiyasının genişlənməsi qarşıdurmaya deyil, dünyada sabitliyə və inkişafa hədəflənir. Türk dövlətləri arasında mütəmadi olaraq görüşlərin keçirilməsi də, təbii ki, məhz bu inkişafa yönəlmiş bir məsələdir".
Bu fikirləri "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib.
Ə.Bəydəmirlinin sözlərinə görə, türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi məsələsi özünü göstərir:
"Onu da unutmaq olmaz ki, dünyanın iqtisadi-siyasi arxitekturasının formalaşmasında geniş bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatının əməkdaşlıq hədəfləri həlledici vasitələrdən biridir. Təbii ki, illər öncə türk dövlətləri arasında əməkdaşlıqdan bu qədər geniş şəkildə danışmaq mümkün deyildi. Ümumiyyətlə, bu əməkdaşlıq son dövrlərdə daha intensiv şəkildə inkişaf etməyə başlayıb".
Əkrəm Bəydəmirli bildirib ki, son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni mərhələyə qədəm qoyub:
"Xüsusilə 2020-ci ildə Azərbaycanın tarixi Zəfərindən sonra Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq daha da genişləndi. Xüsusilə Mərkəzi Asiya respublikaları ilə Azərbaycan arasında əlaqələr daha geniş səviyyədə inkişaf etməyə başladı".
Sədr vurğulayıb ki, son görüşlərdə iqtisadi münasibətlərin inkişafı ilə bağlı mühüm mesajlar səsləndirilib:
"Bugünkü görüşlə bağlı onu da qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib və çox zəruri məsələlərə toxunub. Ümumiyyətlə, cənab Prezident öz çıxışında iqtisadi əməkdaşlığa xüsusi önəm verməyin vacibliyini qeyd edib. Bildirib ki, Mərkəzi Asiya respublikalarından olan 400-ə yaxın şirkət hazırda Azərbaycanda fəaliyyət göstərir".
Ə.Bəydəmirli qeyd edib ki, qarşılıqlı iqtisadi münasibətlərin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi qarşıdakı dövr üçün mühüm perspektivlər yaradır:
"Cənab Prezident bir daha qeyd edib ki, biz yalnız ticarət əlaqələrinin genişlənməsinə deyil, həmçinin istehsal müəssisələrinin yaradılmasına və birgə investisiyalara da önəm verməliyik. Bu isə onu göstərir ki, türk dövlətləri arasında iqtisadi əməkdaşlıq daha sürətli şəkildə inkişaf edəcək və artıq inkişaf etməkdədir".
Əkrəm Bəydəmirli hesab edir ki, investisiya layihələrinin artması qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verir:
"Bu, çox müsbət bir tendensiyadır. Digər tərəfdən, Mərkəzi Asiya respublikalarının Azərbaycana, xüsusilə işğaldan azad olunmuş ərazilərə sərmayə qoyması da müsbət tendensiyaların davamıdır".
Sədrin fikrincə, mövcud proseslərin davam etdirilməsi Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın daha da güclənməsinə imkan verəcək:
"Düşünürəm ki, iqtisadi əməkdaşlıq əlaqələrimizin belə genişlənməsi, türk dövlətləri arasında iqtisadi əməkdaşlıq sferasının dərinləşməsi bütün türk dövlətlərinin strateji maraqlarına və sabitliyə xidmət edir. Gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində bu tendensiyanın daha da dərinləşəcəyini düşünürəm".
Fatimə Nəbiyeva












