Christian Solidarity International (CSI) Nigeriyanın Orta Kəmər bölgəsində xristian icmalarının üzləşdiyi zorakılıqla bağlı BMT İnsan Hüquqları Şurasına çağırış edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-nin məlumatına görə, bölgədə xristian icmalarına qarşı davam edən hücumlar nəticəsində çox sayda insan həyatını itirib, milyonlarla insan isə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Təşkilat vəziyyətin əsas səbəblərindən biri kimi cəzasızlıq problemini göstərib.

CSI bildirib ki, təşkilatın əməkdaşları və yerli tərəfdaşları bölgədə vəziyyəti araşdırıb, zərərçəkənlər, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və hüquqşünaslarla görüşüblər.

Təşkilatın İctimai Təbliğat direktoru Joel Veldkamp BMT İnsan Hüquqları Şurasında çıxışı zamanı Nigeriya hökumətini və beynəlxalq insan hüquqları ictimaiyyətini Orta Kəmərdə zorakılığın dayandırılması üçün qəti tədbirlər görməyə çağırıb.

CSI dini azadlığın və insan hüquqlarının qorunması, həmçinin zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərilməsi istiqamətində fəaliyyət göstərən beynəlxalq QHT-dir. Təşkilat BMT-nin İqtisadi və Sosial Şurasında məsləhətçi statusuna malikdir.