1986-cı ildə Çernobıl faciəsindən sonra radioaktiv qalıqların təmizlənməsi üçün böyük texnika parkından istifadə olunub. Bu texnikaların əksəriyyəti hələ də qadağan olunmuş ərazidə paslanmış vəziyyətdə qalır.

QHT.az xarici mediaya istinadən bildirir ki, 1986-cı il aprelin 26-da, şənbə günü səhər saatlarında, indiki Ukrayna ərazisində yerləşən Çernobıl Atom Elektrik Stansiyasında təhlükəsizlik sınağı faciə ilə nəticələnib.

Sovet dövrünə aid stansiyanın dördüncü reaktorunda elektrik enerjisinin kəsilməsi ehtimalını yoxlamaq məqsədilə sınaq aparılırdı. Lakin texniklər reaktorun kritik konstruksiya qüsurundan xəbərsiz idilər. Soyutma sistemi söndürüldükdən sonra gücün qəfil artması istilik reaksiyasına səbəb olub. Nəticədə buxar partlayışları baş verib, reaktorun nüvəsi əriyib və dördüncü reaktorun binası dağılıb.

Hadisədən sonra ərazidə genişmiqyaslı təxliyə planı həyata keçirilib. Əvvəlcə qəzanın miqyasını qəbul etməkdə çətinlik çəkən səlahiyyətlilər daha sonra əhalinin köçürülməsinə başlayıblar.

Partlayışdan 36 saatdan bir qədər çox vaxt keçdikdən sonra 49 min nəfərin yaşadığı Pripyat şəhərinin bütün əhalisi avtobuslarla təhlükəli ərazidən təxliyə edilib.

Zəhra Mansırova