"Xəbər mənbələri İranın zəlzələdən zərər çəkən bölgələrində güneyli soydaşlarımızın vəziyyəti ilə bağlı müxtəlif paylaşımlar edir. Sosial şəbəkələrdə, xəbər portallarında yer alan qış aylarında evsiz-eşiksiz, çadırların ümidinə qalan insanların foto kadrlarına laqeyd qalmaq mümkün deyil."
QHT.az xəbər verir ki, “Artmood Agency”-nin təsisçisi, sahibkar Xəyalə Mütəllimova sözlərinə əlavə edib: "Ürək göynədən bu vəziyyət insanlığa heç yaraşmır. Söhbət on minlərlə azərbaycanlı əhalinin qışın soyuğunda möhtac və köməksiz vəziyyətə düşməsindən gedir. XXI əsrdə qadınlara, körpələrə, qocalara sərgilənən bu münasibət doğrudan acınacaqlıdır. Mənə elə gəlir ki, hazırkı siyasi, diplomatik əlaqələrin insan faktoruna olan münasibətə təsir etməməlidir. Bu məsələnin birinci tərəfidir.
Eyni zamanda təbii fəlakətlər zamanı əziyyət çəkən insanlara yardım edilməsi, beynəlxalq normativlərlə tənzimlənməsindən öncə, bir insanlıq işidir. Allah soydaşlarımızın yardımçısı olsun. Amma biz də bir-birimizə yardım etmək üçün varıq, deyə düşünürəm. Bu baxımdan eyni dini, eyni kökü, eyni mədəniyyəti bölüşdüyümüz insanlarımıza dəstək olmaq borcumuzdur. Yaranmış vəziyyətdə qardaşlarımıza dəstəklə, bacardığımız formada yanlarında olmaqla bağlı çağırışa qoşuluram. İnanmaq istəyirəm ki, cənublu qardaş-bacılarımız bu çətinlikləri tezliklə arxada qoyacaqlar."












